Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixləri razılaşdırılır.
Press.az “Report” -a istinadla xəbər verir ki, bu barədə Prezidentin sözçüsü Dmitri Peskov TASS-a bildirib.
“Etibarlı dəvət var, tarix və digər məsələlər razılaşdırılacaq”, - Kreml sözçüsü bildirib.
Moskvaya dövlət səfəri zamanı Çin Sədri Si Cinpin deyib ki, o, Putini bu il özünə uyğun vaxt Çinə səfərə dəvət edib. O, həmçinin bu il Çində “Bir kəmər - bir yol” üçüncü beynəlxalq forumunun keçiriləcəyini vurğulayıb. Rusiya lideri bundan əvvəlki iki forumda iştirak edib.
Qeyd edək ki, “Kəmər və Yol Təşəbbüsü” (əvvəlki adı ilə “Bir kəmər – bir yol”) Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyasıdır. “Kəmər” sözü “İpək Yolu İqtisadi Kəməri”nin qısaltmasıdır.
Bu Çin təşəbbüsünün mahiyyəti Pekinlə mövcud regional ikitərəfli və çoxtərəfli mexanizmləri və qarşılıqlı fəaliyyət strukturlarını gücləndirməklə beynəlxalq əməkdaşlıq və inkişafın yeni modelini aramaq, formalaşdırmaq və təşviq etməkdir. Qədim İpək Yolunun ruhunun davam etdirilməsi və inkişafına əsaslanan “Bir kəmər – bir yol” regional iqtisadi tərəfdaşlıq üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, iştirakçı ölkələrin iqtisadi rifahının təşviqinə, bütün sahələrdə mədəni mübadilə və əlaqələrin gücləndirilməsinə çağırır. Çinin rəsmi məlumatlarına görə, “Bir kəmər – bir yol” Avrasiyanın əksər hissəsini əhatə edir, inkişaf etməkdə olan ölkələri, o cümlədən “yeni iqtisadiyyatları” və inkişaf etmiş ölkələri birləşdirir. Meqalayihənin ərazisində dünya əhalisinin 63 %-i yaşayır və təxmin edilən iqtisadi miqyası 21 trilyon ABŞ dollarıdır. 2022-ci ilə qədər bu təşəbbüsə 1 trilyon dollardan çox sərmayə qoyulub.
Bəzi müşahidəçilər və skeptiklər bunu Çin mərkəzli beynəlxalq ticarət şəbəkəsi yaratmaq planı kimi şərh edirlər. Buna cavab olaraq, ABŞ, Yaponiya və Avstraliya 2019-cu ildə “Blue Don Network” (“Mavi Nöqtə Şəbəkəsi”) əks-təşəbbüsünü, ardınca 2021-ci ildə “G7” “Build Back Better World” (“Daha Yaxşı Dünya Yaratmaq”) təşəbbüsünü irəli sürüblər.
Layihənin neokolonializmin bir forması olması ilə bağlı narahatlıqlar da mövcuddur. Bəzi hökumətlər “Kəmər və Yol Təşəbbüsü”nü neokolonial olmaqda ittiham ediblər, çünki onlar Çinin təşəbbüsün infrastruktur layihələrini maliyyələşdirmək üçün borc tələsi diplomatiyası tətbiq etdiyini iddia edirlər.