First slide

“Azov” alayının əsir döyüşçülərinin qətliamı: Ukrayna və Rusiya bir-birini ittiham edir

30 Jul 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 29-da gecə saat 2-də Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində 120 saylı islah koloniyası partladılıb. Nəticədə Ukraynanın “Azov” alayının əsir düşən 50 döyüşçüsü həlak olub, 75 nəfər yaralanıb.

Rusiya və Ukrayna baş verənlərə görə bir-birini günahlandırır.

Rusiya Müdafiə Nazirliyi və Donetskdəki qondarma rejim nümayəndələrinin mövqeyinə görə, Ukrayna Silahlı Qüvvələri HIMARS (ing. “High Mobility Artillery Rocket System” - Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemləri ilə həbsxanaya zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə ittihamları rədd edərək bildirib ki, Rusiya tərəfi işgəncə və edamları ört-basdır etmək məqsədilə hərbi əsirləri öldürüb.

Qeyd etmək lazımdır ki, Olenivkadakı koloniya müharibəöncəsi işlək olmayan, tərk edilmiş həbsxana binası olub. Rusiyanın işğalından sonra həmin bina “filtrasiya düşərgəsi”nə çevrilib.

May ayında Ukraynanın Mariupol şəhərinin Rusiya tərəfindən tam işğalından sonra ukraynalı 211 hərbçi məhz həmin koloniyaya göndərilib. Rəsmi Kiyev dəyişmə prosedurunun anonsunu versə də, qarşı tərəf ukraynalı döyüşçülərə qarşı hərbi tribunalın hazırladığını açıqlayıb.

Koloniya dəhşətli hadisə baş verən zamanı orada ukraynalı hərbi əsirlər, o cümlədən “Azov” alayının hərbçiləri saxlanılırmış. Əraziyə nəzarət edən Rusiya hərbçiləri 50 ukraynalının (48-i yerindəcə, 2-si xəstəxanaya qaldırılarkən) öldüyünü açıqlayıblar. Ötən gün separatçılar isə ölənlərlə yanaşı 75 nəfərin də yaralandığını bildiriblər. Maraqlıdır ki, böyük ərazinin partladılması və ya raket zərbəsinə məruz qalmasına baxmayaraq, ölənlərin hamısı ukraynalı hərbçilər olub. Rusiyalı hərbçilər arasında itki qeydə alınmayıb. Ötən gün Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Koneşenkov 8 həbsxana əməkdaşının xəsarət aldığını bildirsə də, qondarma respublikanın “ombudsman”ı heç bir rus döyüşçünün zərər çəkmədiyini açıqlayıb.

Rusiyanın Olenivkada yaratdığı həbsxananın bomba yerləşdirilərək partladıldığı və ya raket atəşinə məruz qalması bir çox suallar doğurub.

ABŞ mərkəzli Müharibənin Araşdırılması İnstitutu partlayış və yanğınların fəsadlarının Qərbin Ukraynaya təhvil verdiyi yüksəkdəqiqlikli reaktiv yaylım atəş sisteminə xas olmadığını bildirib. Amerikalı analitiklərin fikrincə, bu, Rusiyanın növbəti yalanıdır. Bildirilib ki, “Azov” alayından əsir düşmüş ukraynalı hərbçilərin öldüyü partlayışın fəsadları HIMARS reaktiv yaylım atəş sistemlərindən endirilən zərbənin yaratdığı fəsadların xarakterinə uyğun deyil.

Analitiklər Olenivka həbsxanasından Kremlin təbliğat ruporu “RİA Novosti” agentliyinin yaydığı videonu araşdırıb. Tədqiqatçıların qənaətincə, orada göstərilən dağıntılar HIMARS zərbəsi nəticəsində ola bilməzdi. Qeyd olunub ki, Rusiya KİV həmçinin qeyd olunan raketin fraqmentlərini göstərib, ancaq onların Olenivkada tapıldığına dair heç bir sübut təqdim etməyib.

“Mövcud əyani sübutlar Rusiyanınkından daha çox Ukraynanın iddiasını dəstəkləyir, lakin MAİ ​​hazırda hücumun xarakterini və ya buna görə məsuliyyət daşıyan tərəfi müstəqil qiymətləndirə bilmir”, - institutdan bildirilib.

Bundan başqa, hadisə yerinə gələn “Reuters” müxbirləri qeyd ediblər ki, raketlərin parçaları skamyaya düzülüb və onların haradan yığıldığını müəyyən etmək mümkün olmayıb.

Donetskdəki qondarma rejimin başçısı Denis Puşilin ukraynalı əsirlərin Kiyev əleyhinə ifadə verməyə başladığı üçün “öldürüldüyünü” iddia edib.

Daha sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Olenivkadakı həbsxanaya zərbə endirməsini təkzib edib. Bildirilib ki, Rusiya qüvvələri özləri hərbi əsirlərin işgəncə və edamını gizlətmək, habelə Ukrayna hakimiyyətini hərbi cinayətlər törətməkdə ittiham etmək üçün işğal olunmuş ərazilərdəki obyektə qəsdən hücum ediblər.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) separatçıların telefon danışıqlarını ələ keçirib. Danışıqlara əsasən, Rusiya hərbçiləri Olenivkada bomba yerləşdirmiş ola bilərdi. Telefon danışığının iştirakçılarından biri qeyd edib ki, partlayışlardan əvvəl yaxınlaşan raketin xarakterik səsini eşitməyib.

Bundan əlavə, Ukrayna Baş Kəşfiyyat İdarəsi (BKİ) həbsxananın qəsdən dağıdılmasının Rusiya dəstəkli “Vaqner” özəl hərbi şirkətinin muzdluları tərəfindən, birbaşa "Putinin aşpazı" kimi tanınan Yevgeni Priqojinin əmri ilə həyata keçirildiyini açıqlayıb.

Qətliamdan sonra Kiyev müxtəlif rəsmi səviyyələrdə beynəlxalq ictimaiyyəti Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski bunun Rusiya tərəfindən planlı cinayət olduğuna dair yetərincə sübutların olduğunu deyib və hadisə ilə bağlı BMT Təhlükəsizlik Şurasına məlumat verildiyini bildirib.

Rəsmi Moskva ən yüksək səviyyədə bəyanat yaymasa da, Rusiya MN zərbəni “Ukrayna hərbçilərini qorxutmaq və onların təslim olmasının qarşısını almaq məqsədi ilə” Kiyev tərəfindən təşkil edilmiş “təxribat” adlandırıb.

Beynəlxalq ictimaiyyət olaya dərhal reaksiya verib. BMT-nin Baş katibi Antoniu Quterreş hadisə ilə bağlı narahatlığını bildirib, lakin Baş katibin ofisi əlavə şərh verməkdən vaz keçib. Buna səbəb həbsxananın dağıdılması ilə bağlı ilkin mənbədən məlumatın olmamasıdır. BMT-nin Ukraynadakı əlaqələndiricisi Osnat Lubrani hadisənin hərbi cinayət olaraq qiymətləndirilə biləcəyini deyib.

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel hadisədə Rusiyanı ukraynalı əsirləri öldürməkdə günahlandırıb və Rusiya tərəfinin vəhşiliklərini pisləyib.

Estoniyanın Baş naziri Kaja Kallas hadisəni hərbi cinayət olaraq qiymətləndirib: “Biz yenə də Rusiyanın törətdiyi vəhşi və iyrənc cinayətlərin şahidi oluruq. Olenivkada ukraynalı hərbi əsirlərə qarşı törədilən kütləvi qətl tarixin ən qaranlıq səhifələrini təkrarlayır”.

Beynəlxalq Qızıl Xaç Komitəsi “nə baş verdiyini öz gözlərimizlə görmək” üçün Olenivkadakı koloniyaya “giriş əldə etməyə” çalışacağını bildirib.

ABŞ Olenivkada hərbi əsirlərin ölümü ilə bağlı şərh verməkdən imtina edib. İyulun 29-da Con Kirbi jurnalistlərə deyib ki, “bizim bu çox erkən hesabatları əsaslı şəkildə şərh etmək üçün kifayət qədər məlumatımız yoxdur”. Pentaqon həbsxanaya hücumla bağlı dəqiq məlumata malik olmadığını vurğulayıb.

Hadisədən sonra diqqətçəkən digər məqam isə Rusiyanın Böyük Britaniyadakı səfirliyinin tviti olub. Səfirliyin tivter səhifəsində “Azov” alayının döyüşçülərini güllələnməli yox, asılmalı olduğu barədə paylaşım edilib.

“Bu “Azov” ölüm cəzasına layiqdir, amma güllədən deyil, asılmaqla. Çünki onlar döyüşçü deyillər, əsgər deyillər. Döyüşçü gülləyə layiqdir, onlar isə alçaldıcı ölümə layiqdirlər”, - yazıda qeyd olunub.

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermakın səfirə cavabı da gecikməyib: “Yalnız terrorçular və vəhşilər əsir götürülmüş “Azov” alayını asaraq edam etməyə çağıra bilərlər. Rusiya terrorçu ölkədir. 21-ci əsrdə yalnız vəhşilər və terrorçular diplomatik səviyyədə deyə bilər ki, insanlar asılaraq edam olunmağa layiqdirlər. Rusiya Federasiyası terrorun dövlət himayədarıdır. Bunun üçün daha hansı sübuta ehtiyacınız var?!”.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplamış “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. Bundan başqa, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan sonra Rusiya ilə sərhədyanı bölgədə yerləşən Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsində dayanan qüvvələrdən biri də "Azov" alayı olub. Şəhərin 3 aya yaxın Rusiyaya müqavimət göstərməsində də bu alayın müstəsna rolu danılmazdır.

İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.

report.az

Oxşar xəbərlər
OTACI