Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İnnovasiyalar Agentliyi Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına üzv seçilib

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində İnnovasiyalar Agentliyi 30 ildən artıq fəaliyyət göstərən inkubasiya və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin inkişafını dəstəkləyən Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına (“InBIA”) üzv seçilib.

Agentlikdən Press.az-a bildirilib ki, assosiasiyasiyanın missiyası inkubator və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin və regional sahibkarlıq mərkəzlərinin fəaliyyətini mükəmməlləşdirmək üçün lazım olan bütün dəstəkləyici alətləri təklif etməkdir. Altmışdan artıq ölkədə 2000-dən çox üzvü olan “InBIA” hazırda dünyada innovasiya və sahibkarlığın inkişafı sahəsində fəaliyyət göstərən ən böyük şəbəkələrdən birinə malikdir.

Biznes inkubasiya və akselerasiya mərkəzləri, sahibkarların inkişaf mərkəzləri və digər qurumlar assosiasiyanın təcrübəsindən yararlana bilər. Təlim proqramlarında iştirak etmək, lazım olan mentorlar və ekspertlərlə tanış olmaq imkanı, həmçinin sənaye sahələrindən son xəbərlərlə məlumatlanmaq və qlobal şəbəkədə təcrübə mübadiləsində yeni biliklər əldə etmək gənc sahibkarların inkişafını tezləşdirə bilər. Hər bir üzv assosiasiyanın təqdim etdiyi beynəlxalq standartlara uyğun sertifikasiya keçmək imkanını da qazanır. Assosiasiya mütəmadi olaraq müxtəlif sənaye sahələrinin inkişafı mövzusunda, qlobal trendlər və digər aktual sualları cavablandıran tədbirlər keçirir. İnnovasiyalar Agentliyinin “InBIA”ya üzv seçilməsi Azərbaycanda innovasiya ekosisteminin inkişafına müsbət töhfəsini verəcək.

“InBIA” sahibkarların inkişafı ilə məşğul olan qurumları dəstəkləyən qlobal qeyri-kommersiya təşkilatıdır. Assosiasiya müxtəlif sahibkarlıq inkişaf mərkəzlərinə, inkubasiya və akselerasiya mərkəzlərinə və digər qurumlara xidmət göstərərək dünyanın hər bir yerində innovasiyaların və sahibkarlığın davamlı inkişafına dəstək verir. “InBIA”nın məqsədi üzvlərinin özünəməxsus icmalarını və regionlarının ehtiyaclarını anlayaraq daha yaxşı xidmət göstərmələrinə dəstək vermək üçün məlumat resursları, təlim-tədris proqramları və qlobal tədbirlərdə iştirak etmək imkanları ilə onları təmin edərək bütün ekosistemi zənginləşdirməkdir.

Oxşar xəbərlər
OTACI