Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özəl pensiya fondları əhaliyə nə verəcək? - Risklər və üstünlüklər

02 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Özəl pensiya fondları dünya təcrübəsində uzun müddət istifadə olunan mexanizmlərdən biridir. ABŞ-də 220-dən artıq, Böyük Britaniyada 23, Yaponiyada 17 özəl pensiya fondu fəaliyyət göstərir.

Azərbaycanda da özəl pensiya fondlarının yaradılması ilə bağlı layihə işləri aparılır. Hazırda bu layihə müzakirə mərhələsindədir.

Bəs bu fondların üstünlükləri və riskləri nələrdir?

Mövzu ilə bağlı Oxu.Az-a iqtisadçı ekspert Rəşad Həsənov məlumat verib.

O bildirib ki, özəl pensiya fondlarının bir sıra üstünlükləri var. Bunlardan biri vətəndaşlara ahıllıq dövrü üçün alternativ planlama imkanının yaradılmasıdır. Belə ki, bu fondlar əhalinin gəlirlərinin işlədilməsindən əldə olunan mənfəətin bir qismini vətəndaşla paylaşır və əhali gəlirlərinin dəyərlənməsini uzunmüddətli dövr üçün təmin edir. Həmçinin əhali pulunu özü yığarsa, zaman keçdikcə bu vəsait inflyasiyanın təsiri ilə dəyərsizləşə bilər. Özəl pensiya fondları məhz bu yığımları müəyyən qədər mənfi təsirlərdən qoruyur.


“Daha sonra bu fondlar vətəndaşlar üçün bir sıra seçimlər verir, vətəndaşlarla müəyyən qaydalar çərçivəsində fərdi şəkildə müqavilələr imzalanır. Bunun əsasında vətəndaş aylıq ödəyəcəyi məbləği, pensiya hüququ əldə edəcəyi yaş həddini özü təyin edə bilər. Hətta bəzi ölkələrdə vətəndaşlar öz vəsaitlərini dövlət, yoxsa özəl pensiya fondunda yığmaqla bağlı seçim edirlər. Amma özəl pensiya fondunu seçən vətəndaşlar gələcəkdə dövlətdən pensiya almaq hüququndan məhrum olurlar. Hazırda Azərbaycanda bu istiqamətdə qanunvericilik layihəsi yoxdur. Layihə hazır olduqdan sonra vətəndaşlar üçün hər şey aydın olacaq”, - deyə ekspert qeyd edib.

Özəl pensiya fondlarının daha bir üstünlüyünə toxunan ekspert vurğulayıb ki, burada əsas məsələlərdən biri də fondun maliyyə bazarlarının əsas iştirakçılarından birinə çevrilməsidir. Dünyanın ən böyük investisiya fondlarından bir çoxu özəl pensiya fondlarıdır. Onlar əhalinin passiv yığımlarını cəlb edib, iqtisadiyyata ötürürlər. Bununla da fondların fəaliyyət göstərdiyi ölkələrin pul dövriyyəsi sürətlənir. Burada dövlət də əlavə gəlir əldə etmiş olur.

“Nəzərə alsaq ki, hazırda işğaldan azad edilmiş ərazilərə böyük vəsaitlərin sərf edilməsi zərurəti yaranıb. Özəl pensiya fondları vasitəsilə əhalinin vəsaitlərini bu istiqamətə yönəltmək mümkündür. Həmçinin fondlar qiymətli kağızlar bazarında, səhmlər bazarında aktiv iştirak etməklə bu bazarın da canlanmasına imkan yaradır. Bu, Azərbaycan üçün vacib məsələlərdən biridir”, - deyə o bildirib.
Rəşad Həsənov Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının risklərindən də danışıb. Diqqətə çatdırıb ki, 2008-ci il maliyyə böhranından sonra dünyada bir çox özəl pensiya fondlarının aktivləri dəyərsizləşib və öhdəliklərini yerinə yetirə bilməyiblər. Əksər ölkələrdə dövlətin dəstəyi ilə bu fondlar vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirsələr də, bir sıra ölkələrdə bu baş tutmadı və ciddi problemlər ortaya çıxdı.

Qeyd edilib ki, risklərdən biri də Azərbaycan vətəndaşının məsələyə baxışıdır. Burada özəl pensiya fondları ilə kommersiya banklarını müqayisə etmək olar. Aprel ayına olan məlumatlarda əhali tərəfindən 12,2 milyard manat ətrafında əmanətlərin yerləşdirildiyi bildirilir. Əmanətlərin təxminən 85 faizi, yəni 9 milyarddan artıq hissəsi qısamüddətli əmanətlərdir. Vətəndaşlar özəl sektora uzunmüddətli dövrdə güvənmirlər. Baxmayaraq ki, bank sektorunda əmanətlərin sığortalanması mexanizmi var. 100 min manata qədər əmanətlər müəyyən şərtlər daxilində sığortalanır. Ancaq yenə də vətəndaşlar əmanətlərini qısamüddətli dövrdə yerləşdirirlər:

“2016-20-ci illərdə ölkədə fəaliyyət göstərən bankların 45 faizinin lisenziyası ləğv edildi. 43 bankdan hazırda 24 bank qalıb. Bu səbəbdən vətəndaşların maliyyə institutlarına inamı aşağıdır. Belə olan halda 100 faizlik dövlət zəmanətinə ehtiyac yaranacaq. Dövlət özəl pensiya fondlarında toplanan vətəndaş vəsaitinə təminat verməsə, onu sığortalamasa, vətəndaşlar bu fondlardan istifadəyə meyilli olmayacaq”.

Ekspert diqqətə çatdırıb ki, fondların vəsaitləri bazarda işlətməsindən əldə edəcəkləri gəlir onların bu prosesə marağını artırır. Lakin Azərbaycanda qiymətli kağızlar bazarı zəifdir, buradan mənfəət əldə etmək imkanı azdır.

Rəşad Həsənovun fikrincə, əsas məsələlərdən biri də əhalinin gəlirləri ilə bağlıdır. O bildirib ki, əhalisinin gəliri yüksək olan ölkələrdə özəl pensiya fondlarının yığımı da yüksək olur.

Azərbaycanda isə əhəmiyyətli sosial qrupların gəlirləri yığım imkanını məhdudlaşdırır. Eyni zamanda, burada varislik hüququnun təmin edilməsi məsələsi də ortaya çıxır ki, dünyanın bir çox ölkələrində bu problem həllini tapıb.

Oxşar xəbərlər
OTACI