logo
First slide

Metsamor yeni Çernobıldırmı?

13 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın köhnə Metsamor Atom Elektrik Stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir.

Press.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Vyanada fəaliyyət göstərən Avstriya Tətbiqi Ekologiya İnstitutunun mütəxəssisi Antonia Veniş “National Geographic”də dərc olunan məqaləsində Metsamoru “hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” göstərib.

Qısa desək, Metsamor hər an partlamağa hazır bombadır. Stansiya 1980-ci ildə Türkiyə sərhədindən cəmi 10 mil (16 kilometr) aralıda Ermənistanın yüksək seysmik bir hissəsində inşa edilib və hazırda heç bir müasir təhlükəsizlik tələblərinə cavab vermir.

Zəlzələ kimi təbii fəlakətlər, AES-ə çox möhkəm zərər yetirə bilər ki, bu da Cənubi Qafqazda və qonşu ölkələrdə yüksək radio-aktivliklə nəticələnə bilər. 7 dekabr 1988-ci ildə 6.8 bal gücündə olan və təxminən 25.000 insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələ gələcək seysmik təhlükələr barədə real narahatlıq doğurur.

Digər tərəfdən, AES-in idarəetməsi və tullantıların idarə olunması barədə yetərli rəsmi məlumat yoxdur. Bu isə, öz növbəsində, regional ekoloji fəlakətlərin baş verməsinin mümkünlüyünə işarədir. Bəzi hesabatlara görə, Ermənistan radioaktiv tullantıları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında basdırır (Bu ərazi beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır, lakin Ermənistanın nəzarətindədir). Həmin AES-dən yeraltı boru kəməri ilə Dağlıq Qarabağa radioaktiv tullantıların axıdılması barədə etibarlı məlumatlar da mövcuddur.

Belə vəziyyət Türkiyə üçün də ekoloji və ətraf mühitə təhlükə yaradır. Türk mütəxəssislərin son təhlilləri göstərir ki, AES-in radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir ki, bu da İğdırda (Türkiyənin vilayəti) yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Bu bölgədə əlil uşaqların və xərçəng xəstələrinin sayının artması halları müəyyən edilib.

Ümumdünya Atom Sənayesinin Vəziyyətinə dair Hesabatda (2020) göstərilir ki, AES-in hazırda aktiv bir reaktoru vasitəsilə hazırda ölkənin ümumi elektrik enerjisinin 27,8%-ni təmin edilir. İstehsal olunan elektrik enerjisinin yerdən qalan hissəsi hidro, günəş və külək mənbələrindən, eləcə də idxal olunan təbii qazdan əldə edilir.

2020-ci ilin mart ayında Avropa Komissiyasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı Siyasəti” sənədində enerji siyasəti və atom enerjisi ilə bağlı tövsiyələr təqdim olunub. Orada yanacaq təchizatının şaxələndirilməsinin, xüsusən də bərpa olunan enerji mənbələri hesabına aparılmasının zəruriliyi qeyd edilir. Ermənistanın kifayət qədər su ehtiyatlarına malik olduğunu nəzərə alsaq (Sevan gölü ümumi istehlakın təxminən 80%-ni ödəyir) enerji mənbəyi olaraq atom enerjisi asanlıqla su enerjisi ilə əvəz edilə bilər. Digər seçim isə Rusiya və İrandan idxal olunan qazın payının artırılması ola bilər.

Avropa Komissiyası, Türkiyə və ekologiya üzrə ixtisaslaşmış təşkilatlar AES-in bütün bölgə üçün mənfi təsirlərini və təhlükə ehtimalını nəzərə alaraq onun bağlanması istiqamətində Ermənistana ciddi təzyiq göstərirlər. Paris Sazişinin və ətraf mühitlə bağlı digər sənədlərin əsas prinsiplərində iqlim dəyişikliyi ilə mübarizə məqsədilə bütün texnologiyaların, xüsusilə də yaşıl texnologiyanın daha geniş şəkildə qəbul edilməsi tələbləri əks olunur.

Qlobal xəbərdarlıqlara və təsdiqlənmiş beynəlxalq sənədlərin tələblərinə baxmayaraq, E-rmənistan hələ də öz öhdəliklərinə konstruktiv yanaşma nümayiş etdirməyərək bəşəriyyət və təbiət üçün təhlükə olmaqda davam edir. Ermənistanın yerli mətbuatı bildirib ki, 2019-cu il iyun ayının əvvəllərində AES təmir və yeniləmə işləri ilə əlaqədar 110 günlüyə və 2020-ci ilin 1 iyul tarixindən 3 sentyabr tarixinə qədər isə profilaktik tədbirlərin görülməsi məqsədilə daha 65 gün müddətinə fəaliyyətini dayandırıb. Təmir kimi təqdim olunan bu cür yalançı təşəbbüslər ilə Ermənistan stansiyanın səbəb ola biləcəyi potensial fəlakətin ağırlığını ört-basdır etməyə çalışır. 

Oxşar xəbərlər
OTACI
OTACI