First slide

Manatın sabitliyi nəyə zərərdir və bunun qarşısını necə almaq olar?

19 Sep 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Manatın nominal effektiv məzənnəsi ötən 8 ay ərzində, yəni yanvar-avqust aylarında 6,1 faiz möhkəmlənib. Bu da, cari ilin əvvəlindən bəri yüksəlməkdə olan inflyasiya tempinə bir az məhdudlaşdırıcı təsir göstərib. Yəni, onu nisbətən cilovlayıb.

Rəsmi olaraq etiraf edildiyi kimi, bu gün 13 faizdən yuxarı təşkil edən inflyasiya səviyyəsi, bundan daha yüksək ola bilərdi.

Buna, yəni manatın nominal effektiv məzənnəsinin yüksəlməsinə bir neçə səbəb şərait yaradıb. Birincisi, ölkəmizin əsas ixrac məhsulu olan neftin qiyməti ilə əlaqədar valyuta gəlirlərinin çox təşkil etməsi, ikincisi, demək olar bütün ölkələrin mərkəzi bankları tərəfindən sərt-pul kredit siyasətinin yürüdülməsi, üçüncüsü, əsas ticarət tərəfdaşımız olan ölkələrdə, bilavasitə Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusda milli valyutaların dəyərdən düşməsi və ən nəhayət, dördüncüsü isə Azərbaycan Mərkəzi Bankın (AMB) özünün də dövriyyədə pul kütləsini sıxması...

Nominal effektiv məzənnə məhz bu səbəblərə görə möhkəmlənib. Ancaq bunun xeyri ilə yanaşı zərəri da var. Bu haqda bir qədər sonra...

Məlumdur ki, ölkəmizdə valyuta bazarı inzibati yolla tənzimlənir. Yəni, manatın dəyəri sərbəst üzən məzənnə rejimi əsasında təşəkkül tapmır. Bu da ondan irəli gəlir ki, valyuta gəlirlərimiz diversifikasiya olunmuş ixrac əsasında formalaşmır.

Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsindən savayı onun ABŞ dollarına nəzərən neçə illərdir sabit qalması (daha doğrusu saxlanılması) da bir sıra cəhətlər baxımdan əhəmiyyətli rol oynayıb və oynayır.

Bu, ən azı AMB-ə ehtiyatlarını artırmağa yardım edir, şərait yaradır. Düzdür, bunun əsas şərtini tədiyə balansı təşkil edir ki, burada profisit hökm sürərsə valyuta bazarında təklifin üstünlüyü üçün şərait yaranır və nəticədə də AMB-nin sözügedən bazara müdaxiləsi alışyönlü xarakter daşıyır.

Məhz bu şəraitin töhfəsidir ki, ölkəmizin valyuta ehtiyatları 56 milyard dollara yaxınlaşıb. Yanvar-avqust ayları ərzində sözügedən göstərici 5,1 faiz və yaxud 2,7 milyard ABŞ dolları həcmində artaraq 55,9 milyard dollara çatıb.

Bu, tədiyə balansında profisitin hesabına baş verib. Bunun təqribən, 7 milyard yarımdan çox hissəsi AMB-ə məxsusdur.

Eyni zamanda, Mərkəzi Bankın beynəlxalq ehtiyatları da valyuta bazarımızda sabitliyin qorunub saxlanması üçün zəmanət rolunu oynayır. Başqa sözlə, sözügedən ehtiyatlar nə qədər çox artıq təşkil edərsə, manatın sabit qalması bir o qədər təhlükəsiz görünür.

Bütün yazdıqlarımdan gəlinən məğz bundan ibarətdir ki, birincisi, hazırda vəziyyət valyuta gəlirlərimizin valyuta xərclərimizdən çox təşkil etməsi səbəbindən manat möhkəmlənməyə meyillidir. Ona görə ki, neftin qiyməti büdcədə nəzərdə tutduğumuzdan bahadır və bu vəziyyət uzun müddətdir, belədir.

İkincisi isə, yuxarıda qeyd etdiyim kimi inflyasiya ilə əlaqədar ölkədə sərt pul-kredit siyasəti həyata keçirilir ki, bütün bunlar da idxal mallarının daxili bazarda dominant rol oynaması üçün təminat yaradır. 

Belə şəraitdə isə yerli istehsalçıların “əl-qolu” bağlanır.

Lakin sual edirəm, bundan kənar qaçmaq mümkündürmü?!

-Real şəraitdə yox...

Niyə, səbəb nədir?!

Əvvəla, inflyasiya rəsmi olaraq 13 faizin üzərindədir, ərzaq inflyasiyası 20 faizi keçib. Digər tərəfdən, bu gün bütün inkişaf etmiş ölkələrdə sərt pul-kredit siyasəti həyata keçirilir - mərkəzi banklar uçot dərəcəsini artırırlar və sair.

Yuxarıda adlarını çəkdiyim Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusun 2022-ci ilin birinci yarısında Azərbaycanın qeyri-neft ixracında xüsusi çəkisi 57 faizdən, idxalda xüsusi çəkisi isə 43 faizdən yuxarı təşkil edib. Bu ölkələrdə milli valyutaların dəyərdən düşməsi təbii ki, onlardan bizə ixracı stimullaşdırıb, bizdən onlara yox.

Lakin avronun ucuzlaşmasına bahəm də yazmışdım ki, bu ucuzlaşma yəni, avronun dollara görə manat qarşısında da dəyər itirməsi əslində heç bir əhəmiyyət kəsb etmir.

O baxımdan ki, avrozonadan gətirdiyimiz mallar bizə ucuz başa gəlmir.

Ona görə ki, Avropada inflyasiya hökm sürür. Avrozonadan idxal etdiyimiz mal və məhsullar heç bir stimulverici xarakter daşıya bilməz, o səbəbdən ki, onların özlərində də hər şey bahadır.

Odur ki, hazırkı şəraitdə bazarı qorumaq deyil, tənzimləmək qayğısı məsələsi daha aktualdır və ilk növbədə məhz bunun öhdəsindən gəlmək tələb olunur. Başqa sözlə, ixracı stimullaşdırmaq tədbirləri müvəqqəti olaraq arxa plana keçib. Bu baxımdan, manatı ucuzlaşdırmaq siyasətindən və bunun zəruri olması kimi faktorlardan ümumiyyətlə söhbət gedə bilməz.

Oxşar xəbərlər
OTACI