First slide

Lokomotiv parkının yenilikləri davam etdirilir - FOTOLAR

14 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı metropoliteni 2021-ci ildə - üçüncü məqalə

Sərnişindaşımada xidmət mədəniyyətinin yüksəldilməsində ən mühüm yerlərdən biri lokomotiv parkındakı yeniliklərdir. 2021-ci il bu mənada Bakı metropolitenində innovativ layihələrin tətbiqi baxımından xüsusi önəm daşıyır.

Vaqon təmiri avtomatlaşdırılır

2014-cü ildə “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra ilk vəzifələrdən biri vaqonların təmiri və maddi-texniki bazalarının gücləndirilməsi, təmirin normativlərə uyğunlaşdırılması idi. Qısa müddətdə vaxtı keçmiş bütün təmirlər normativ tələblər səviyyəsinə çatdırıldı və nəticədə xətdən nasazlıq səbəbilə depoya qayıdan qatarların sayında əsaslı azalma müşahidə olundu. Daha sonra təmir sexləri əsaslı şəkildə təmir olundu, yeni prinsiplər, əmək şəraitinin yaxşılaşdırılması, yeni texnologiyaların gətirilməsinə başlanıldı. Vaqonların orta və əsaslı təmirinin yerli şəraitdə təşkil edilməsi, yeni sexin inşası lokomotiv parkı ilə bağlı yeni mühəndis düşüncə tərzini inkişaf etdirməyə əsas verdi. Bu işlərin zirvəsi isə 2021-ci ildə geniş miqyasda vaqonların təmirinin avtomatlaşdırılmasına başlanılması üçün irimiqyaslı layihənin tətbiqi oldu. Postsovet məkanında ilk dəfə bu layihə qatarların xətlərdə qət etdiyi məsafə əsasında baxış, xidmət və təmir prosesinin illərlə formalaşmış mexaniki qaydalarının ləğv edilməsinin təməlini qoydu. 2022-ci ildə tam olaraq həyata keçiriləcək bu layihə lokomotiv parkı ilə bağlı ən müasir idarəetmə və istehsalat yeniliklərini tətbiq etməyə, işçi qüvvəsindən daha səmərəli faydalanmağa, bütün prosesin nəzarət altında saxlanmasına, informasiya-kommunikasiya sistemlərinə söykənən mütərəqqi layihələri tətbiq etməyə imkan verəcək. Bir sözlə, qatarların hərəkətində avtomatlaşdırmanın təməli məhz bu layihə ilə başlanacaq.

10 baxış-təmir sahəsi yenilənib və avtomatlaşdırılıb

Depoda təmir-baxışın sahələrində yenilənmə olmadan müasir sistemlərin tətbiqi effektiv olmaz. Vaqon təmirçilərinin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin davamı olaraq hesabat ilində texniki baxış qanovlarında aparılan geniş təmir işlərinə diqqət artırılıb. Uzun illər təmir olunmayan bu qanovlarda vaqonaltı avadanlığa baxış keçirən çilingərlər üçün ən böyük narahatlıq onların lazımi dərinlikdə olmaması, qrunt sularının qanovlara yol tapması, işıqlanmanın zəifliyi və sair bu kimi xoşagəlməz hallar idi. Hazırda 10 baxış-təmir qanovu əsaslı şəkildə təmir olunub. Bu qanovlarda kommutasiya sistemləri unikal layihə əsasında avtomatlaşdırılıb, başqa sözlə, müasir etibarlı, səmərəli və təhlükəsiz sistemlərlə qurulub.

4 yeni qatar alınıb və bir o qədər də alınacaq

Əlbəttə, bütün yeniliklərin əsas hərəkətverici qüvvəsi yeni nəsil vaqonlarının alınmasıdır. 2021-ci il əvvəlki dövrdəki yeniləşmənin davamı ilə yadda qalıb. İlin ikinci yarısında hərəsində 5 vaqon olmaqla cəmi 20 yeni vaqondan (81-765B/766 B seriyalı) ibarət 4 hərəkət tərkibi xəttə buraxılıb. “Transmaşholdinq” SC-nə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 4-cü nəslə aid vaqonların sayı 95-ə, başqa sözlə, qatarların sayı 19-a çatdırılıb.

 2022-ci ildə isə hər biri 5 vaqondan ibarət daha 4 hərəkət tərkibi (cəmi 20 vaqon) alınacaq. Hər gün metropoliten xətlərinə 40-46 qatarın buraxılmasını nəzərə alaraq, bununla xətlərdə olan qatarların təxminən 50 faizə yaxınının yenilənmiş olduğunu söyləmək mümkündür.

Yeni qatarlarda mühüm təmiri yerli kadrlar aparır

Yeni nəsil qatarlar avtomatika sahəsinin son illərdəki inkişafı templərinə söykəndiyindən bu sahədə də peşəkar kadrlar fəaliyyət göstərməlidir. Bu mənada 2021-ci ildə yeni nəsil qatarlarda aparılan mühüm təmir növləri əvvəlki ildə əldə olunmuş nailiyyətləri bir daha təsdiq etdi. Məlumdur ki, 2020-ci ildə pandemiya səbəbilə ölkəmizə gətirilən vaqonların sazlanması və xəttə buraxılmasını yerli mütəxəssislər uğurla həyata keçirmişdilər. 2021-ci ildə isə 2015-ci ildə alınmış iki qatar tərkibində aparılan qaldırma təmiri işləri bu sahədə metropoliten mütəxəssislərinin kifayət qədər püxtələşərək müstəqil qaydada bütün işləri yüksək keyfiyyətlə yerinə yetirdiklərini təsdiqlədi. Qarşıda isə lokomotiv parkının yenilənməsi davam edəcəyindən yerli ixtisaslı kadrların sırasının genişlənməsi işləri aparılacaq. Ümumən 2021-ci ildə 10 vaqonda 1 saylı qaldırma təmiri ilə yanaşı, daha 10 vaqonda 1 saylı və 15 vaqonda 2 saylı dövrü təmir işləri aparılıb, yeni vaqonlara ümumən 195 texniki baxış kecirilib. Əvvəlki nəsil - 81-717/714 seriyalı 140 vaqon 1 saylı, 14 vaqon 2 saylı və 10 vaqon mühüm 3 saylı cari təmirə cəlb edilib. İl ərzində texniki baxış keçirilmiş vaqonların sayı isə 2990 olub. Bundan savayı, helium tipli 300 akkumulyator batareyaları əvvəlki nəsil, 140-ı isə yeni nəsil qatarları üçün alınıb. Yeni nəsil qatarlarına 4 yeni təkər cütü də gətirilib.

4 qatar modernləşdirilib

Vaqonların orta və əsaslı təmiri sahəsi isə həm də modernləşdirmə işlərini yerinə yetiriblər. May ayının 31-də metropolitendə sərnişindaşıma fəaliyyəti bərpa olunarkən bir qatar tərkibi konstruktiv dəyişiklik edilmədən əksər avadanlıq modernləşdirilib, vaqonaltı qurğular yeniləri ilə əvəzlənib, əsas qovşaqlar dəyişdirilib, avtomat idarəetmə mərkəzi quraşdırılıb. Bu sırada dartı qüvvəsini tənzimləyən yeni YAR-13 KŞ qurğusu ilə təmin edilib, “KV-70” qurğusunu “KM-10” cihazı əvəz edib. Sonrakı dövrlərdə isə normativ tələblərə uyğun xətlərdə çalışaraq təmir məsafəsinə çatmış daha 3 qatarda da eyni işlər uğurla yerinə yetirilib. Modernizasiya olunmuş qatarlarda “Spesavtomatika” müəssisəsinin istehsalı olan 10 vaqonidarəetmə sistemi,”Knorr Bremse” şirkətinin 10 ədəd “VV120-T” kompressor aqreqatı, bir o qədər PPK-12 qida çeviricisi, 10 ədəd “Cammozi” pnevmatik intiqalı, 5 ədəd UR-10 tezaçılan açar, 30 ədəd helium akkumulyator batareyası tətbiq edilib. Bütün bu yeniliklər ən müasir nəsil qatarlarında tətbiq edilən mexanizmlər və sistemlərdir.

Bütün mühərriklərin və elektrik avadanlıqların təmiri üçün müasir sex

Bakı metropolitenində tarixi yeniliklərdən biri elektrik mühərriklərinin təmiri məqsədilə iki ən müasir standartlı sexin istifadəyə verilməsidir. Bununla metropolitendə zavod şəraitində təmir sistemi yaradılıb. Pandemiya səbəbilə təchizatı – yeni dəzgah, qurğu və avadanlıqların alınması iki ilə qədər uzanan bu sexlər artıq tam funksional fəaliyyət göstərir. 800 kv.m-ə yaxın çoxfunksiyalı zonalardan ibarət olan sexlərdə müasir tələblərə cavab verən və avtomatlaşdırılmış 16 müxtəlif dəzgah və qurğu, o cümlədən sınaq stendi stansiyası quraşdırılıb. Hər sexdə dinamik idarə olunan 5 tonluq telferlər quraşdırılıb. Bununla hər bir mexanizmin əsas hərəkətverici qüvvəsi olan mühərriklərin təmirində yeni texnoloji eranın təməli qoyulub. Burada nəinki əvvəlki nəsildən olan vaqonların sinxron, həm də yeni tipli qatarların asinxron mühərriklərinin təmiri uğurla aparıla bilir. Amma tək vaqonlar deyil, eskalatorların, ventilyatorların, su və suvurma qurğularının nasoslarının, bir sözlə, Bakı metropolitenində olan bütün növ mühərriklərin, elektrik, eləcə də daxili yanma mühərrikli əl alətləri, daşınan pnevmatik, eləcə də hidravlik alət və avadanlıqları də təmir olunur.

Beləliklə, daha bir sahədə tarixi, iqtisadi və texnoloji nailiyyət əldə olunaraq, pərakəndə və kustar təmirin daha səmərəli, effektiv, keyfiyyətli, məhsuldar və operativ təmir prosesinin təməli qoyulub. Qısa müddət ərzində vaqonların 500-ə yaxın dartı mühərrikinin 85 faizi təmir olunaraq cəmi 15 faizə yaxını yararsız hesab edilib. Vaqonların elektrik mühərrikləri ilə birgə 200-dən artıq hava kompressorunun 90 faizə, 100-dən artıq Pl tipli elektrik mühərrikinin hamısı, 100-ə yaxın asinxron mühərrikin 75 faizə yaxını istismara qaytarılıb. Daxil olmuş 500-dən artıq elektrik alətinin (drel, perforator, laqonda, qaynaq aparatı və s.) 50 faizdən çoxu təmir olunaraq sahələrə təhvil verilib.

Bir ilin uğurlarını təhlil etsək, Bakı metropoliteninin lokomotiv parkı və bir çox aparıcı sahələri ilə bağlı yeni texnoloji eranın daha da dərinləşdiyini əminliklə söyləmək olar.

Oxşar xəbərlər
OTACI