First slide

Latviyanın sabiq Prezidenti: "Azərbaycan münaqişədən sonra irəliləyişlər yaradan lider ölkədir"

29 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycanın Qarabağda əldə etiyi qələbə Cənubi Qafqaz regionunda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu da yeni iqtisadi imkanlar yaradır".

Bu fikirləri Report-a açıqlamasında Latviyanın sabiq Prezidenti Valdes Zatlers deyib.

Onun sözlərinə görə, hazırda region ölkələrinin iqtisadiyyatlarını inkişaf etdirmək üçün şans yaranıb və bu imkanları reallaşdırmaq vaxtıdır: “Cənubi Qafqaz çox zəngin regiondur. Əvvəllər bu regionda Qarabağ münaqişəsinə görə ancaq hərbi imkanların genişləndirilməsi ilə bağlı düşünülürdü. Lakin indi vəziyyət dəyişib. Dayanıqlı iqtisadiyyat, dayanıqlı təhlükəsizlik xalqların rifahına səbəb olacaq. Azərbaycanın Qarabağdakı qələbəsi bir sıra faydaların yaranmasına səbəb olub. Birincisi, işğal edilmiş ərazilərlə bağlı işlədilən donmuş münaqişə ifadəsi artıq gündəmdə deyil. 30 il ərzində münaqişə həll edilmədi, biz bu müddət ərzində donmuş münaqişə ifadəsini işlətmişik. İkincisi, 44 günlük müharibə regionda sonuncu müharibə ola bilər. Əminəm ki, elə də olacaq. Daimi sülh dövrü yaxınlaşır. Üçüncüsü, Azərbaycan liderlik nümayiş etdirib. Bu deməkdir ki, Azərbaycan münaqişədən sonrakı irəliləyişlər yaradan lider ölkə olacaq. Bu yalnız işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, insanların sözügedən ərazilərə qayıdışını təmin etmək demək deyil, həmçinin regionda bütün ölkələr və xalqlar arasında əlaqələrin bərpası ilə bağlı məsələdir. Azərbaycan regionla bağlı məsuliyyətini nümayiş etdirdi, həmçinin davamlı iqtisadiyyatın, davamlı təhlükəsizliyin yaradılmasında, xalqlar arasında inamın formalaşdırılmasında lider olmağa hazır olduğunu nümayiş etdirdi. Bu, çox vacib məsələdir. Ermənistan tərəfinin revanşist yanaşması məsələyə ziyan vuran yeganə fikirdir. Lakin Azərbaycan bunun baş verməməsi üçün hər şeyi edir”.

Eks-prezident həmçinin Azərbaycan-Latviya münasibətləri ilə bağlı da danışıb: “Uzun illər ərzində Latviya ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq olub, biz beynəlxalq təşkilatlarda da dostuq münasibətləri qurmuşuq. Bu, çox məsələni özündə ehtiva edir. Bu hal həmçinin iqtisadiyyatın istənilən sahəsi üçün uğurlu əməkdaşlıq deməkdir. Biz qonşu ölkələr deyilik, lakin buna baxmayaraq, siyasi əsasımız çox uğurludur, bu isə iqtisadi əlaqələri istənilən vaxt inkişaf etdirmək üçün imkanlar yaradır. Latviya Azərbaycandan qaz istehlak etmir. Lakin vurğulamaq istəyirəm ki, Azərbaycan Cənubi Qaz Dəhlizi vasitəsilə Avropaya qaz çatdırır, biz görürük ki, bu hadisə Avropada daha vacib əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq uğurludur".

V.Zatlers bu il noyabrın 4-də Bakıda keçirilən VIII Qlobal Bakı Forumunda iştirak etdiyini xatırladıb: “Forumun gündəmində çox lazımlı mövzular vardı, müzakirələrin keyfiyyəti çox yüksək idi. Ona görə də bu kimi forumda iştirak etmək çox maraqlıdır. Forumda bir çox beynəlxalq qurumların iştirakı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük hörmətə malik olduğunu göstərir. Bundan əvvəlki forumlarla müqayisədə son tədbirimizin irəli atılmış böyük addım olduğunu düşünürəm. Bu forumun Bakıda keçirilməsi çox vacib məsələdir. Son ik il ərzində baş verən proseslər göstərdi ki, Azərbaycan regionun lider ölkəsinə çevrilir”.

Qeyd edək ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə uğurlu iqtisadi əməkdaşlıq qurub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4 % artaraq 9 milyard 625 milyon ABŞ dolları təşkil edib. Avropa İttifaqı ölkələri ilə ixrac Azərbaycanın ümumi ixracının 54, 74 %-ini təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,4 dəfə artaraq 21 milyon 972 min ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər
OTACI
OTACI