First slide

Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub

25 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Bərdədə dağıdılmış 215 tikili təmir-bərpa olunub, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.

Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, hazırda 28 tikilinin təmir-bərpası gedir və 1 sahibkarlıq obyektinin tikintisi bitmək üzrədir. Qısa zamanda Bərdə şəhərində işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutub. Bərdə şəhərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağıdılıb, 240-dan çox yaşayış evi və tikiliyə zərər dəyib. Ümumilikdə, 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır.

Oxşar xəbərlər
OTACI
OTACI