Zədəli olduğu üçün kubokun finalını kənardan izləyən "Qəbələ"nin kapitanı Asif Məmmədov mükafatlandırma mərasimindən sonra Qol.az-ın əməkdaşının suallarını cavablandırıb.
- Zədə səbəbindən finalda meydana çıxa bilmədin. Həlledici qarşılaşmanı kənardan izləmək necə hissdir?
- Finalı kənardan izləmək çox çətin idi. Hətta deyərdim ki, oynamaq bundan asandır. Çox gərginlik, stress keçirdim. Təbii ki, bu oyunda meydanda olmağı mən də istərdim.
- Sənin yoxluğunda komandan kuboku qazandı...
- Qalib gəldiyimiz üçün çox şadam. Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən görünürdü ki, qalib gəlməyimiz realdır. Yekunda da istəyimizə çatdıq. Komandamız kuboka layiq idi. Məğlub olsaydıq, çox üzülərdik.
- "Neftçi" 120 dəqiqə ərzində 1 real qol epizodu belə yarada bilmədi. Rəqibdən belə zəif oyun gözləyirdin?
- Razıyam ki, "Neftçi"nin oyunu alınmadı. Əgər komanda əsl gücünü göstərə bilsəydi, işimiz daha çətin olardı.
- "Neftçi"nin oyununun alınmamasının səbəbini nədə görürsən?
- Məncə, "Neftçi" bizlə müqayisədə daha həyəcanlı idi. Kuboku udmaq onlar üçün çox vacib idi. Nə olur olsun, mövsümü titulla başa vurmaq istəyirdilər. Rəqibdən fərqli olaraq bizdə gərginlik yox idi.
- Yəqin ki, bu, Konfrans Liqasına vəsiqəni daha əvvəldən təmin etmənizlə bağlı idi.
- Bəli, artıq istəyimizə çatmışdıq, vəsiqəni təmin etmişdik. Ona görə də üzərimizdə basqı yox idi.
- Meydan amilinin də "Qəbələ"yə təsiri olmadı. Halbuki çoxları finalın "Bakcell Arena"da keçirilməsini "Neftçi" üçün üstünlük sayırdı...
- Düzdür, meydan amilinin hər hansı bir təsiri olmadı. Azarkeş sayında da ciddi fərq yox idi. Daha əvvəl də "Bakcell Arena"da çox oynamışıq. Burada parlaq qələbələrimiz çox olub. Bu da onlardan növbətisidir.
- Bundan sonra "Qəbələ"dən nə gözləyək?
- İndi yalnız kubokun dadını çıxarmalıyıq. Yaxşı heyətimiz var, 1-2 yaxşı transfer etsək, Avropada da uğurlu çıxış edə bilərik.
- Amma razılaşarsan ki, indiki vəziyyətdə hazırkı heyəti qorumaq "Qəbələ" üçün heç də asan olmayacaq.
- Mən inanıram ki, bu qələbədən sonra maddi baxımdan köhnə "Qəbələ" qayıdacaq. Buna inamım çoxdur.
- Səni necə, növbəti mövsümdə də futbolçu kimi "Qəbələ"də görə biləcəyik?
- Bir müddət əvvəl ciddi zədə almağıma baxmayaraq, rəhbərlik sağ olsun, mənə dəstək oldu. Belə qərara gəldik ki, daha bir il futbolçu kimi "Qəbələ"yə xidmət edim.
- Avrokubokların startına qədər zədəni bərpa edə biləcək?
- İlk mərhələyə 100 faiz hazır olmayacağam. Komandamız 1-2 mərhələ adlaya bilsə, yalnız o halda avrokuboklarda forma geyməyim mümkün olacaq.