"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın championat.com saytına müsahibəsində Ramil Şeydayevin “Zenit”də möhkəmlənə bilməməsindən danışıb.
Press.az xəbər verir ki, millimizin üzvü qeyd edib ki, Şeydayevə Rusiyada düzgün qiymət verilməyib:
“Ramil bura aiddir, onu Azərbaycanda sevirlər. Bunun sayəsində sərbəst oldu. Şeydayev çox yaxşı futbolçudur. Sadəcə ona inanmaq lazımdır. Azərbaycanda öz oyununu tapdı, amma düzgün işləməsi ilə əminəm ki, daha da yüksək səviyyəyə qalxa bilir. Məncə, indi o, potensialının yalnız 50-60 faizini nümayiş etdirir.
Düşünürəm ki, Şeydayev Rusiyada qiymətləndirilməyib. Əminəm ki, “Zenit”də böyüyə və irəliləyə bilərdi”.
Qeyd edək ki, “Zenit”in yetirməsi olan Şeydayev Sankt-Peterburq klubunun əsas komandasında çıxış etməyib. 2017-2018 mövsümündə “Qarabağ”da çıxış edən hücumçu 2021-ci ildə yenidən Ağdam klubuna qayıdıb. “Qarabağ”la başa çatan müqaviləsini yeniləməyən forvardın Tailandın "Buriram Yunayted" klubuna keçəcəyi gözlənilir.