UEFA-nın etika və nizam-intizam komitəsi tərəfindən Neqreyra işini araşdırmaq üçün təyin edilmiş iki müfəttiş "Barselona"nın bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalı olduğu qənaətinə gəlib.
Press.az ABC-yə istinadən xəbər verir ki, müfəttişlər artıq hesabatlarını UEFA-ya təqdim ediblər. “Barselona”nın avrokuboklarda iştirakı ilə bağlı qərar yaxın 10 gün ərzində verilməlidir. Çünki artıq iyunun 12-də UEFA növbəti Çempionlar Liqasının iştirakçılarının tərkibini təsdiqləməlidir.
UEFA prezidenti Aleksander Çeferinin artıq müfəttişlərin hesabatlarını dinlədiyi bildirilib. UEFA-nın iki variantı var: "Barselona”ya qarşı iş açmaq və ispan ədalətinə güvənmək, ya da La Liqanın çempionunu bir il müddətinə Çempionlar Liqasından kənarlaşdırmaq.
Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb. Kataloniya təmsilçisinin 2001-2018-ci illərdə Neqreyraya 7,3 milyon avro köçürdüyü iddia olunur.