Bu mövsümün yekununda Azərbaycan Premyer Liqasında sonuncu yeri tutacaq komanda çempionatın sonuncu turunda müəyyənləşəcək.
Press.az xəbər verir ki, 10-cu yeri ya “Səbail”, ya da “Şamaxı” tutacaq. Bu gün keçirilən 35-ci turda “Sumqayıt” səfərdə “Qarabağ”a qalib gəlməklə (2:1) təhlükəli zonadan uzaqlaşıb. “Şamaxı” “Qəbələ ilə, “Səbail” isə “Turan Tovuz”la görüşdə heç-heçə edib.
Beləliklə, sona 1 tur qalmış “Səbail” 26 xalla 9-cu, “Şamaxı” isə 25 xalla 10-cu yeri tutur. Maraqlıdır ki, mövsümün bu həftə keçiriləcək son turunda “Səbail” “Şamaxı”nı qəbul edəcək. Bu görüşdə “Səbail”ə heç-heçə də sərf edir. “Şamaxı”ya isə mütləq qələbə lazımdır. Oyun mayın 28-də “ASKO Arena”da keçiriləcək.
Qeyd edək ki, daha əvvəl AFFA rəhbərliyi əvvəlki son illərdən fərqli olaraq bu mövsüm axırıncı yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyini açıqlayıb.