“3 xal qazandığımız üçün şadam. Lakin matçın gedişində iki oyunçu itirməyimiz məni narahat edir. Ümid edirəm ki, zədələri ciddi deyil”.
Press.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 35-ci turunda “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis komandasının ikinci hissədə daha yaxşı çıxış etdiyini bildirib: “Fasilədə etdiyimiz əvəzetmələr oyunumuza aqressivlik verdi. İlk hissədən narazı olduğumu deməzdim. Sadəcə bəzi qol epizodlarından yararlana bilmədik. Birinci hissənin sonlarında rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu. İkinci hissədəki oyunumuz isə məni qane etdi. Növbət turda qarşılaşacağımız "Sabah"la matça daha yaxşı əhval-ruhiyyədə hazırlaşacağıq”.
Regekampf bugünkü matçda az oynayan futbolçulardan bir neçəsinə şans versə də, qapıçı Aqil Məmmədov yenə də ehtiyatda qalıb. O, qapı xəttində dəyişiklik etməməsinin səbəbini belə izah edib: “Adlar haqda danışmaq istəmirəm. Aqili çox yaxşı tanıyırıq, onun şansa ehtiyacı yoxdur. Hər zaman bizə kömək etməyə hazırdır. İndiki durumda Brkiçə daha çox şans vermək lazımdır. Çünki qarşıda bizi iki çətin matç gözləyir. Qapıda tez-tez dəyişiklik etmək olmaz. Bəzi oyunçular dincəlməyə layiqdirlər. Ona görə də bu gün meydana qarışıq heyət buraxdıq. Məqsədimiz 3 xal qazanmaq idi. Ona da nail olduq”.
“Neftçi”nin çalışdırıcısı Höccət Haqverdinin bu dəfə müdafiənin mərkəzində oynamasına da toxunub: “Biz Höccəti mərkəz müdafiəçisi kimi gətirmişik. Təəssüf ki, bu gün 90 dəqiqə mübarizə apara bilmədi. Ümid edirəm ki, Höccətin zədəsi ciddi deyil. Bu gün həm də Ömər Buludova şans verdik. Göründü ki, yaxşı formadadır. Ömər həm müdafiədə etibarlıdır, həm də hücumlara yaxşı qoşulur”.
Regekampf müqaviləsi bitən futbolçularla bağlı durum barədə bunları söyləyib: “Bildiyim qədərilə müqaviləsi bitən bütün futbolçularla danışıq olub. Bəziləri yeni sözləşmə imzalayıb. Hazırda bütün diqqətimiz mövsümün sonuna köklənib”.
Mütəxəssis “Kəpəz”lə matçda əks-hücumda oynamaqlarının səbəbini belə açıqlayıb: “Desəm ki, taktikamız belə idi, yalan danışmış olaram. Planımız o idi ki, ilk hissədə qol vuraq. Boqomolskinin qol vurmaq üçün yaxşı fürsəti var idi. Məni narahat edən ilk hissənin sonunda qapımızdan belə qol buraxmaq idi. Həftə ərzində standart vəziyyətlərin üzərində çox çalışmışdıq. Hamı son saniyəyə kimin oyuna köklənməlidir”.
Sonda Regekamfp adının xarici klublarla yanaşı hallanması haqda sualı cavabandırıb: “Şayiələri şərh edə bilmərəm. Amma onu deyə bilərəm ki, burada olacağam”.