Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İki məşhur general hakim qarşısına çıxarılacaqmı? – Hərbi ekspertdən maraqlı izah

16 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tərtər işi” ilə bağlı ittiham olunan Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Zərərçəkmiş Emil Orucov sabiq korpus komandiri, general-mayor Hikmət Həsənov, hazırkı korpus komandiri, general-leytenant Mais Bərxudarov, həmin vaxt korpus komandirinin müavinləri olmuş hərbçilərin və digər yüksək rütbəli şəxslərin cinayət məsuliyyətindən kənar qalmaları ilə bağlı vəsatət qaldırıb. E.Orucov həmin şəxslərin məhkəmədə dindirilməli olduqlarını və üzləşdirilmələrini qeyd edib.

Politoloq Qabil Hüseynli məsələ ilə bağlı Globalinfo.az-a bildirib ki, bu qanuni tələbdir və hər iki general onlara qarşı irəli sürülən ittihamlara cavab verməlidir:

“Artıq bir neçə nəfər ordumuzu nüfuzdan salan “Tərtər işi”nə görə həbs edilib. Təbii olaraq zərərçəkənlər də adı çəkilən generalların məhkəmə qarşısında ifadə vermələrini tələb edirlər. Düşünürəm ki, bu qanuni tələbdir. Hikmət Həsənov, Mais Bərxudarov məhkəmə prosesində iştirak etməli və onlara qarşı irəli sürülən ittihamlara istintaq çərçivəsində cavab verməlidirlər. Bu ittihamların əsaslı olub-olmaması onların ifadəsindən sonra dəqiqləşə bilər. Məsələ ilə bağlı ciddi tədqiqat aparılmalı, hər iki tərəfin mövqeyi öyrənilməli və sonda doğru qərar verilməlidir”.

Mövzunu  şərh edən hərbi ekspert Rövşən Məhərrəmov generallarla bağlı cinayət halının aşkar edilmədiyi təqdirdə onların məhkəməyə cəlb edilməyəcəyini bildirib:

“Ümumiyyətlə bu çox çətin bir prosesdir. Məlumdur ki, dövlət başçısının göstərişi əsasında məsələ ilə bağlı yenidən istintaq qrupu yaradıldı. Həm Mais Bərxudarov, həm də Hikmət Həsənov 44 günlük müharibənin zəfər generallarıdırlar. Prosesdən məlumatı olmayan xaricdə yaşayan müəyyən şəxslər yeni istintaq qrupunun fəaliyyətinə də etirazla yanaşdılar. Proses birbaşa dövlət başçısının nəzarəti altında irəliləyir. Bütün lazımı tədbirlər həyata keçirilir. Düşünürəm ki, istintaq qrupu hər iki generalla bağlı cinayət halı aşkar etmədiyi, istintaq materialları arasında adıçəkilən şəxslərlə bağlı material mövcud olmadığı təqdirdə, onlar məhkəməyə cəlb edilməyə bilərlər.

Hər iki şəxs xalq arasında kifayət qədər sevilir. Əgər onlara qarşı ciddi ittihamlar olsaydı, istintaq qrupu artıq prosesə onları da cəlb etmiş olardı. Belə bir şey olmayıbsa, məhkəməyə çağırılmalarını düzgün hesab etmirəm”.

R.Məhərrəmov bu məsələnin generalların və ordunun nüfuzuna təsirindən danışıb:

“Ümumilikdə bu məsələnin çox qabardıldığını düşünürəm. Doğrudur, bu çox ağır və yolverilməz bir məsələdir. Amma biz müharibədə də çox sayda şəhid vermişik, bu yaxınlarda da təxribata görə şəhidlərimiz oldu. Bu kimi məsələlərin generalların nüfuzuna zərər verəcəyini düşünmürəm. Heç bir ordu mükəmməl deyil. Məsələn, Ermənistan 44 günlük müharibədə Azərbaycana məlumat ötürən çox sayda casus aşkarladı və həbs etdi. Amma heç birinin adını belə çəkmədilər, şərti adlarla məhkum etdilər. Ona görə də xalq arasında ordunun nüfuzdan salınmasına yol vermək lazım deyil”.
Qeyd edək ki, ittihamların ağırlaşdırılması və yüksək rütbəli şəxslərin dindirilməsi ilə bağlı vəsatətlər bu mərhələdə baxılmamış saxlanılıb. Məhkəmənin baxış iclası martın 28-ə təyin olunub.

Oxşar xəbərlər
OTACI