First slide

Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham olunan Əsgər Ağazadə məhkəmə önündə

26 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində 17 yaşlı Sənay Qəhrəmanlıya  (Sənay Yağmur) təcavüz etməkdə ittiham olunan Əsgər Ağazadənin  (zərərçəkənin xalası oğludur) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

virtualaz.org-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əsgər Ağazadənin vəkilləri müdafiə etdikləri şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət veriblər. Ə.Ağazadənin vəkili Mehman Cəbrayılov  Ə.Ağazadənin orqan transplanatiyası əməliyyatı keçirdiyini, müalicəyə ehtiyacı olduğunu məhkəməyə bildirib.

Lakin zərərçəkmişin nümayəndəsi Zibeydə Sadıqova həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istəyib: "Hər dəfə bir həkim rəyi göstərirlər. Xəstəliklə bağlı deyilənlər bəhanədir. Təqsirləndirilən şəxs azadlıqda olduğu dövrdə Sənaya sosial şəbəkə üzərindən təhdid mesajları yazırdı. Ailəyə sosial şəbəkələrlə təhdid yağdırırdı. Əgər həbsdən çıxarsa psixoloji təzyiq daha da artar".

Zərərçəkmişin anası Zümrüd Yağmur isə mənəvi terrorla üz üzə qaldıqlarını məhkəmənin diqqətinə çatdırıb: “Biz özümüzü təhlükədə hiss edirik. Bizə kiberhucumların artmayacağı haqda kim təminat verə bilər? Ağır cinayət törədən, peşman olmayan bu adamın həbsdən azad edilməsinə qarşıyam”.

Təqsirləndirilən şəxsin müdafiəçilərinin növbəti vəsatəti məhkəmə istintaqının qapalı keçirilməsi ilə bağlı olub. Zümrüd Yağmur və zərərçəkmişin nümayəndəsi isə əksinə məhkəmənin açıq keçirilməsini istəyiblər. “Prosesin qapalı deyil, açıq keçirilməsini, ədalətin bərpa olunmasını istəyirəm. Ortada cinayət var. İşin daha şəffaf, obyektiv aparılması üçün açıq məhkəmə iclası keçirilsin”- Z.Yağmur qeyd edib.

Təqsirləndirilən Ə.Ağazadə prosesin qapalı və ya açıq keçirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirib. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə istintaqının qapalı keçiriləcəyi bildirilib. Məhkəmə baxışı 2 fevral saat 10:00-a təyin edilib.

Qeyd edək ki, Sənay Qəhrəmanlı siyasətçi Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun qızıdır. Ə.Ağazadə Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Oxşar xəbərlər
OTACI