Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda dəhşətli cinayət: Arvadının başını kəsmək istədi, köməyə gələn qaynanasını öldürdü

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkir rayonunun Şiştəpə kəndində baş verən dəhşətli ailə faciəsi ilə bağlı məhkəmə araşdırması başlayıb. Məhkəmədə hadisənin bir sıra təfərrüatları üzə çıxıb. Həmçinin işi araşdıran prokurorun yol verdiyi nöqsanlar da aşkar edilib.

Press.az Musavat.com-a istinadən xəbər verir ki, İntizam Hüseynov ondan ayrılmaq istəyən həyat yoldaşını öldürmək istəyərkən qayınanasını qətlə yetirib. Hadisə zamanı İntizam Hüseynov arvadına da çoxsaylı zərbələr endirib. Evdə olan digər şəxsləri də öldürməyə cəhd edib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddələri ilə ittihamlar irəli sürülüb.

Əvvəlcə hadisə haqda...

İstintaqla müəyyən edilib ki, 1976-cı il təvəllüdlü İntizam Hüseynov ondan ayrılaraq anasının yanına gedən arvadı 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanın yanına gedib və uşaqları görmək istədiyini bildirib. Bu zaman onlar arasında mübahisə yaranıb.

İntizam arvadını öldürmək qərarına gəlib və evə qayıdaraq babasından ona yadigar qalan və evdə gizlətdiyi xəncəri götürərək geri qayıdıb.

Bu zaman həyətdə onun qarşısına 1963-cü təvəllüdlü qayınanası Sədaqət İbadullayeva çıxıb. S.İbadullayeva baş verənlərin qarşısını almağa çalışsa da buna nail ola bilməyib. Mübahisə zamanı qayınanasına xəncərlə bir zərbə vurub və ona qızı Mahizərin başını kəsəcəyini deyib.

İntizam evə daxil olaraq Mahizərin yanına gedib. Ona da xəncərlə 8 zərbə vurub. Yaralı vəziyyətdə İntizama çatan Sədaqət İbadullayeva ona mane olmağa çalışıb və qızını növbəti zərbələrdən qoruyub. Səs-küyə Mahizərin qonşuluqda yaşayan xalası gəlib və yerdən götürdüyü ağacla intizamın kürəyindən bir neçə dəfə vurub, onun digər cinayət əməllərinin qarşısını almağa çalışıb.

Amma İntizam yenə də cinayət əməlini davam etdirib və yaralı vəziyyətdə ona mane olmağa çalışan qayınanası Sədaqət İbadullayevaya xəncərlə daha bir neçə zərbə vurub. Bədənin müxtəlif nahiyyələrindən, əsasən də sinəsindən aldığı xəsarətlərdən sonra S.İbadullayevanın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya çatdırılsa da yolda dünyasını dəyişib.

İntizamın əməlləri bununla da bitməyib. O, qaynının 3 yaşlı oğlunu və arvadını da öldürməyə cəhd edib. Bununla da onların nəslini qurudacağını deyib. Bütün bunlar hadisə şahidlərinin ifadələri əsasında müəyyən edilib və istintaq orqanı belə qənaətə gəlib.

İstintaq materiallarında göstərilir ki, İntizam azyaşlı və anasını öldürməyə cəhd edərkən 8 bıçaq zərbəsi alan arvadı Mahizər cəsarətli davranıb və özünü onun qabağını ataraq xəncəri iki əli tutub. Bu zaman hər iki əlindən də xəsarətlər alıb.

Hadisə yerinə qonşuların və digər qohumların gəlməsi ilə İntizam cinayət əməlini tam başa çatdıra bilməyib və hadisə yerindən qaçıb. Ağır yaralanan Mahizər xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

İntizam hadisə yerindən qaçsa da sonradan saxlanılıb. Onun evinə baxış keçirilən zaman odlu silahın patronu da aşkar edilib.

Törətdiyi əməllərə görə İntizam Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama) və 228.4-cü (qanunsuz olaraq soyuq silah saxalama) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin hazırlıq iclasında müəyyən edilib ki, məhkəməyədək icraat zamanı qanun pozuntularına yol verilib. Buna görə də işə baxılmasına xitam verilib və prokurora qaytarılıb.

Şəmkir rayon Prokurorluğunun böyük müstəntiqi barəsində xüsusi qərar çıxarılıb və baş prokurora da bu barədə məlumat verilib.

Səbəb isə İntizama qaynının 3 yaşlı oğlunu və onun anasını öldürməyə görə ittiham verilsə də uşaq və anasının zərərçəkmiş kimi tanınmamasıdır.

Həm də məhkəmə tibbi ekspertizası mərhum Sədaqət İbadullayevanın ölüm səbəbini müəyyən etsə də ittihamda onun ölümünün səbəbi göstərilməyib. Bundan başqa mərhumun 8 yox, 10 bıçaq zərbəsi ilə qətlə yetirildiyi aydın olub.
Qeyd edək ki, İntizam Hüseynov qəsdən adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə özünü təqsirli bilir. Amma azyaşlını və anasını öldürməyə cəhd ittihamını qəbul etmir.

Oxşar xəbərlər
OTACI