First slide

Dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir-FOTO

25 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Sərhəd Xidmətində dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir. 

Press.az xəbər verir ki, hərbi hissə və bölmələrdə təşkil olunan tədbirlərdə, ədəbi-bədii gecələrdə elm və incəsənət xadimləri, yerli icra hakimiyyəti orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Noyabr ayının 24-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Mahirə Quliyevanın və professor İmamverdi Həmidovun iştirakı ilə keçirilən tədbirdə qüdrətli söz ustası, zəngin mədəni-mənəvi sərvətlərimiz üzərində ucalmış, bədii söz sənətinin qiymətli incilərini meydana gətirmiş, dövrünün elmi-fəlsəfi düşüncələrinin ifadəçisinə çevrilmiş dahi Nizami Gəncəvinin həyat və yaradıcılığından ətraflı məlumat verilmişdir.

Çıxış edənlər Nizami irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasını və məhz Dahi Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərarın Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmasını vurğulamışlar. Qeyd olunmuşdur ki, ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin biləvasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisələrindən birinə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu missiyanın ən yüksək səviyyədə davam etdirilməsi, 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasına dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamının təkcə Azərbaycan üçün deyil türk, Şərq və dünya ədəbiyyatı ilə bağlı mühüm hadisə olması, Azərbaycanın ədəbi və bədii  irsinə dövlətimizin ən ali formada ehtiramının göstəricisi olduğu vurğulanmışdır. 

Tədbirin sonunda Bakı Bələdiyyə Teatrının kollektivi tərəfindən Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.



 

Oxşar xəbərlər
OTACI
OTACI