Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın pandemiyadan çıxış yolu yalnız vaksinasiyadır

02 Aug 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Artıq bir ildən çoxdur ki, dünyanın üzləşdiyi qlobal pandemiya davam etməkdədir. Başladığı vaxtdan etibarən dünya bu gözlənilməz, qəfil bəla ilə mübarizə aparır. Pandemiya ilə mübarizədə hər bir ölkənin öz metod və vasitələrini görmək mümkün oldu.

Ancaq mübarizə metodları nə qədər fərqli olsa da bütün dövlətlərin ortaq bir fikri var ki, müharibədən yeganə çıxış yolu vaksinasiyadır. Vaksinasiya milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Hazırda da dünya pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya mərhələsindədir. Avropa İttifaqı ölkələrinin təxminən 100 milyon sakini koronavirus əleyhinə tam vaksinasiya olunub.

Ölkəmizdə bu sahədə vəziyyət digər ölkələrlə müqayisədə təhlükəli deyil. Verilən qərarlar, görülən tədbirlər sayəsində yoluxma və ölüm sayına görə Azərbaycan əksər Avropa ölkələrindən və dünyadan geri qalır. Ümumilikdə, koronavirus pandemiyası ölkəmizdə bir ildən çoxdur müşahidə edilir. Bu təhlükəli virusa qarşı mübarizə tədbirlərinə ilk günlərdən başlanılıb. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradılıb. Hazırda bu laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əkssəriyyəti tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı tərəfindən virusun yayılmasının qarşısının alınmasında vacib predmet olan tibbi maskaların təminatı məqsədilə də yerli istehsal müəssisəsi açılmış və bütün istiqamətdə operativ tədbirlər həyata keçirilmişdir. Hələ də pandemiyaya qarşı ciddi mübarizə tədbirləri davam etdirilir. Bu səbəbdəndir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır. Birbaşa ölkə Prezidentinin rəhbərliyi və ciddi nəzarəti altında pandemiyaya qarşı həyata keçirilən məqsədyönlü və operativ tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib, kütləvi yoluxmanın qarşısını alıb.

Təəssüf ki, son həftələr bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusa gündəlik yoluxma halları artıb. Hətta koronavirusun “Delta” ştammı da ölkəmizdə aşkarlanıb. Sözsüz ki, bu da vəziyyətin qənaətbəxş olmadığının göstəricidir. Bu onu göstərir ki, arxayınlaşmaq  olmaz. Virus hələ bitməyib. Dünyanı bürüyən növbəti dalğa ölkəmizə də gəlib çıxıb.

Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac olmaması üçün ölkədə peyvənd olunanların sayı əhalinin heç olmasa 80 faizini təşkil etməlidir. Bu göstərici ölkədə kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq və pandemiya bəlasından xilas olacağıq. Azərbaycan vaksinləri əldə edən və əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır.  Yenə də əhalidən yalnız qoyulan qaydalara riayət etməklə, virusun hələ ölmədiyini nəzərə almaqla peyvənd olunmaq rica edilir ki, bu da insanların sağlamlığına hesablanıb.

Çünki vaksin olunmaq xəstəliyi ağır keçirmənin qarşısını alır. Lakin ehtiyat tədbirləri heç bir halda unudulmamalıdır. Artıq təsdiq olunmuş faktdır ki, şəxslər vaksin olunduqdan sonra virusa yoluxsa belə bu prosesi ağır keçirmir və ölüm riski ən az səviyyədə olur. O da vurğulanmalıdır ki, insanlar vaksin olunduqdan sonra da diqqətli olmalı və şəxsi gigiyenik qaydalara əməl etməlidir. İnsanların, dünyanın pandemiyadan çıxış yolu yalnız vaksinasiyadır. Bu artıq pandemiya dinamikasının diktə etdiyi reallıqdır.  Heç bir tərəddüd etmədən, ölkəmizdə 2 milyon insanın etdiyini edib peyvənd olunmaqla virusdan xilas olub normal, xoşbəxt həyata qayıda bilərik.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Oxşar xəbərlər
OTACI