Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Anar Məmmədov: Bakı Bəyannaməsi ciddi bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır

30 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İyulun 27-də Bakıda daha bir tarixi hadisə yaşandı. Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli əməkdaşlıq platformasının yaradılması ilə bağlı Bakı Bəyannaməsi imzalandı. Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı növbəti mərhələdə münasibətlərin yeni məcrada inkişafına böyük töhfə vermiş olacaq”.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan ölkələrarası əlaqələr daim möhkəmlənməkdədir: “Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsində haqlı mübarizəmizdə qardaş ölkələr – Türkiyə və Pakistan tərəfindən açıq siyasi və mənəvi dəstək göstərilməsi müttəfiqliyin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Bu baxımdan 3 qardaş ölkənin parlament sədrlərinin yeni formatda ilk görüşünün yekununda qəbul olunan Bakı Bəyannaməsində əksini tapan məsələlər münasibətlərin bundan sonra daha da möhkəmlənməsinə xidmət edəcək. Bu, üç ölkənin müttəfiqlik münasibətlərinin daha yüksək səviyyəyə çatdığının və həm dövlət quruculuğunda, həm də beynəlxalq birlikdə fəaliyyətdə birgə yanaşmalar axtardıqlarının bariz təcəssümüdür.

Bəyannamədə hər 3 ölkənin beynəlxalq platformalarda birlikdə hərəkət etmək məsələsinin yer alması gələcəkdə 3 ölkənin parlamentarilərinin iştirak edəcəkləri istənilən beynəlxalq toplantıda bir-birilərinin mövqeyini müdafiə edəcəyindən xəbər verir. Əgər tərəflərdən biri və ikisi həmin toplantıda iştirak etməsə, iştirak edən tərəf bu addımı atacaqdır. Bakı Bəyannaməsində göstərildiyi kimi üç ölkənin parlamentləri arasında əməkdaşlıq və əlaqələr daha da inkişaf etdirilib möhkəm bağlarla gücləndiriləcəkdir”.

Deputat vurğulayıb ki, imzalanan sənəd həmçinin bundan sonra daha yeni sənədlərin ərsəyə gəlməsinə də səbəb olacaq: “Hər üç ölkənin iqtisadi, kommunikasiyaların gücləndirilməsi, hərbi, mədəni və s. istiqamətdə əməkdaşlıqları gücləndirəcəyi gözləniləndir. Təbii ki, qanunvericilik bazasının, səmərəli əməkdaşlığın, bölgədəki reallıqların qiymətləndirilərək hərbi işbirliyini artırmaq, yeni üçtərəfli hərbi əməkdaşlıq platforması formalaşdırmaq da müzakirə mövzusu ola bilər. Bununla da tərəflər regional və beynəlxalq təhlükəsizliyə çox ciddi töhfələr verə bilərlər. Bir sözlə, Bakı Bəyannaməsi və onun verdiyi imkanlar, gələcək üçün formalaşdırdığı perspektivlər regional ölçüdə yeni və ciddi bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımlardan biri sayıla bilər. Yekunda Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslamabad şəhərində keçirilməsi qərarı isə parlament sədrləri səviyyəsində yaradılan platformanın gələcəkdə möhtəşəm ittifaqa çevriləcəyindən xəbər verir”.

Oxşar xəbərlər
OTACI