logo
First slide

Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar

29 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək onun işğal siyasətinə son qoydu.

Bu savaş Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə düşmənin kapitulyasiyası ilə başa çatdı. İlham Əliyevin “dəmir yumruq” əməliyyatı ilə Azərbaycan Ordusu erməni faşizmi üzərində qəti qələbə çalaraq ərazi bütövlüyümüzü bərpa etdi, düşməni torpaqlarımızdan qovaraq BMT Təhlükəsizlik Şurasının 27 il idi ki, kağız üzərində qalan qətnamələrini yerinə yetirdi.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Şanlı Ordumuzun düşmən üzərində qazandığı tarixi və parlaq qələbə, regionda, o cümlədən Vətənimizdə yeni siyasi, iqtisadi, hərbi reallıqlarla yanaşı, bölgədə yeni təhlükəsizlik, əməkdaşlıq formatına zəmin yaratdı.

İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə baş verənlər dövlətimizin başçısı İlham Əliyevin 30 ilin imitasiya naminə danışıqlarına son qoyub döyüş meydanında ədaləti bərpa etməsinin mahiyyətini daha dərindən dərk etməyə geniş imkan yaratdı.  Azərbaycana dünyanın müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi.

Lakin son zamanlar Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla, tarixi ədalətlə barışmaq istəməyən, xarici havadarlarına sığınaraq 30 ildir torpaqlarımızı işğal altında saxlayan, hələ ondan da illər əvvəl yenə havadarları sayəsində əzəli yurdumuz Zəngəzura yiyələnmələrini beyinlərinə yerləşdirən işğalçı başqalarının yurd-yuvasına tamah salmaq iştahının eyforiyasından ayılmaq istəmir.

Prezident İlham Əliyev aylardır Ermənistanı yeni reallıqları qəbul etməyə çağırır və bəyan edir ki, artıq Dağlıq Qarabağ adlı ərazi yoxdur: “Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.

Azərbaycan bu gün 44 günlük Vətən müharibəsində qazandığı təcrübədən irəli gələrək öz ordusunun peşəkarlığını daha da artırır. Ermənilər onu da bilməlidirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi potensialının yalnız bir hissəsini istifadə etdi. Ermənistan ölkədə tam səfərbərlik elan etdiyi halda, Azərbaycan qismən səfərbərlik elan etdi, hətta çağırılanların da hamısı döyüş əməliyyatlarına cəlb edilmədi, yəni ehtiyac olmadı. Hərbi texnikanın da yalnız bir hissəsi döyüş əməliyyatlarında istifadə olundu. Yəni Azərbaycan ordusunu qismən cəlb etməklə Ermənistan ordusunu məhv etdi.

Bu baxımdan Ermənistanın radikal qüvvələri müharibədən nəticə çıxarmalıdırlar. Onlar bir qarış torpağımızı belə silah gücünə zəbt etmək fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Bu o deməkdir ki, erməni radikalları, faşistləri nəinki bir şəhərimizi, kəndimizi, hətta bir metr ərazimizi belə silah gücünə işğal etmək niyyətinə düşsələr, bu dəfə dəmir yumruq onları birdəfəlik məhv edəcək. Çünki Azərbaycan Ordusu Qafqazın ən güclü ordularından biri olduğunu 44 günlük müharibədə sübut etdi. Buna görə də ermənilər təxribatlarından əl çəkərək məğlubiyyətləri ilə barışmalı, bütün regionda sülhə və sabitliyə mənfi təsir göstərən, vəziyyəti gərginləşdirən təxribatçı əməllərinə son qoymalıdırlar.

Oxşar xəbərlər
OTACI
OTACI