logo
First slide

Azərbaycan-Rusiya əlaqələrinin inkişafında yeni səhifə açılıb

27 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya ilə münasibətlər zəminində əldə edilmiş nəticələr son dərəcə əhəmiyyətlidir. Gələn il diplomatik münasibətlərinin  yaradılmasının 30 illiyinin qeyd olunacağı bir dövrdə Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr və sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, mütəmadi olaraq, keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.

İyulun 20-də İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri və dövlət başçılarının görüşü öncə iki ölkə lideri arasındakı səmimi dostluq münasibətlərinin təzahürü idi. Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin görüş zamanı mövcud iqtisadi-siyasi əlaqələri müzakirə edib gələcək perspektivlər barədə fikir mübadiləsi apardılar. İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasındakı iqtisadi əlaqələr çox inamla yüksəlir. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Eyni zamanda nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlıq fəal surətdə genişləndirilir. “Şimal-Cənub nəqliyyat dəhlizi” üzrə ötən illə müqayisədə təqribən 20 faiz çox yük daşınıb.

Rusiyanın Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işlədiyini deyən Vladimir Putin bildirdi ki, ən mühüm məsələlərdən biri regionda vəziyyətin nizamlanmasıdır və bu prosesdə İlham Əliyev çox mühüm addımlar atır, bunun da nəticəsində kompromisli qərarlar tapılır. Məhz bu addımlara görə Vladimir Putin İlham Əliyevə təşşəkkür etdi. Prezident İlham Əliyev isə öz növbəsində regionda münaqişədən sonrakı vəziyyətə aydınlıq gətirdi. Eyni zamanda proseslərin gedişatında Rusiya Prezidentinin ortaya qoyduğu mövqe, çox vacib və həssas məsələlərin həllindəki roluna görə təşəkkürünü bildirdi. Ümumiyyətlə, son illərdə rəsmi Moskva Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimad və inamı daha da möhkəmləndirib.

Dövlət başçılarının görüşündə də vurğulandığı kimi, bu günümüzün əsas məsələsi regionda münaqişədən sonrakı vəziyyətdir. Moskva görüşündə bir daha bəyan edildi ki, Azərbaycan münaqişədən sonrakı dövrü gərginlik olmadan, maksimum sakit şəraitdə keçməsi əzmindədir. Hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat dəhlizinin – Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Belə bir şəraitdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdi yolverilməzdir. Çünki 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Oxşar xəbərlər
OTACI
OTACI