Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

146 illik “Əkinçi” tariximiz

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda həm ictimai-siyasi həm də, ədəbi-estetik fikrin formalaşaraq milli şüur səviyyəsinə yüksəlməsi hadisəsi XIX əsrin sonu və XX əsrin əvvəllərinə təsadüf etmişdir. Belə ki, Şimali Azərbaycanda milli mətbuatın əsasını qoyan və cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzetimiz nəinki Azərbaycanda, Rusiya müsəlmanlarının da həyatında böyük iz qoymuşdur. Ən əsas tarix isə odur ki, Azərbaycan milli azadlıq hərəkatı tarixi öz başlanğıcını məhz “Əkinçidən” götürür.1875-ci ildən 1905-ci ili əhatə edərək, müvafiq şəkildə “Əkinçi” dövrü adlandırılmış, bu dövrdən etibarən milli oyanış baş vermişdir.

Azərbaycanın böyük təbiətşünas alimi, eyni zamanda görkəmli jurnalisti olan Həsən bəy Zərdabinin imzası altında 1875-ci ilin iyulun 22- də Bakıda nəşr olunan “Əkinçi” qəzeti ilə təkcə Azərbaycanda milli mətbuatın əsası qoyulmamış, müsəlman şərqində ilk milli mətbuat Şimali Azərbaycanda yaranmışdı. Qəzet Azərbaycanda feodal quruluşunun eybəcərliklərinə, onun doğurduğu iqtisadi, ictimai, mədəni tənəzzülə qarşı geniş mübarizə cəbhəsi açdı. “Əkinçi” ətrafında dövrün bir çox görkəmli ziyalıları cəmləşsə də, qəzetin əsas təşkilatçı və istiqamətverici qüvvəsi Həsən bəy Zərdabi idi. H. Zərdabi qəzetdə nəşr etdiyi baş məqalələrində- maarifçilik, təbiət elmləri, ana dilində təhsil eyni zamanda dərs kitablarının yaradılması, kənd təsərrüfatı, dini xürafat kimi məsələlərə toxunur, ölkədəki məmur özbaşınalığını tənqid edirdi. O, mətbuatın insanlar üzərindəki həm tərbiyəvi rolunu, həmdə siyasi təsirini yaxşı anlayır, Azərbaycanda mətbuat işinin inkişaf etdirilməsinə çalışırdı.

“Əkinçi” qəzeti yeni-yeni mütərrəqqi adımlar ataraq, Azərbaycanda ictimai- mədəni fikrin inkişafına yol açmaqla, xalqın inkişafında və tərəqqisində əhəmiyyətli dərəcədə rol oynamışdır. “Əkinçi” səhifələrində dərs proqramı və dərsliklərin yenidən tərtibi məsələləri qaldırılaraq, orada dünyəvi elmlərin əsas yer tutması vacib sayırdılar. “Əkinçi qəzeti maarifçi ziyalılarımız üçün bir növ tribuna rolunu oynayır, qəzetin səhifələrində qoyulan mövzular xalqın gözünü açmasına, dünya görüşünün formalaşmasına kömək edirdi. XIX əsrin 70- ci illərinin sonunda qadın məsələləri və qadın problemlərinin işıqlandırılmasında və onların hüquqlarının müdafiəçisi kimi çıxış edən “Əkinçi” qəzeti mütəmadi olaraq qadınlarımızın problemlərindən də bəhs edirdi. Bünövrəsi “Əkinçi” dən qoyulan qadın problemlərinin mətbuat vasitəsilə islahına çalışılması XX əsrin əvvəllərində də yenidən və qətiyyətlə gündəmə gətirilmişdi.

İki həftədə bir dəfə çap olunan qəzetin səhifələrində ən önəmli məsələlərə dair yazılar- hansı ki, mədəni gerilik, cəhalət və mövhumat tənqid edilir, yenilik, tərəqqi, maarif həmçinin mədəni inkişafın geniş şəkildə təbliği aparılırdı.

O,“Əkinçi”də bilik, maarif və mədəniyyəti təbliğ edərək bunlara sahib olmağın zəruriliyinin dönə-dönə vurğulayaraq yazırdı: “Bizim ilə zindəgənlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəgənlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoş güzəranlıq onların əlinə keçəcəkdir və biz mirür ilə zindəgənlıq cəngində məğlub olub tələf olacağıq”. H. Zərdabinin və “Əkinçi” qəzetinin ən böyük xidmətlərindən biri də xalqın içərisində dil və din birliyi ideyasını irəli sürməklə xalqı əsarətdən qurtarmağa israrla addımlar atması olmuşdur. O eyni zamanda türk xalqları arasındakı mənəvi yaxınlığı təmin etməyi unutmamış, türk dillərinin birləşməsinin vacibliyi fikrini önə çəkmişdir. Beləliklə, dil birliyinin yaranıb- inkişaf etməsinə yardmıçı olan, eyni zamanda doğma dildə nəşr olunan bu qəzetin gördüyü işlər əks-səda doğurmuş, toxunduğu məsələlərin əhəmiyyətinə görə böyük nüfuz qazanmışdı. “Əkinçinin” ünü Londana, Nyu- Yorka qədər gedib çıxmışdı. Əsası “Əkinçidə” qoyulan və milli oyanışa gətirib çıxaran dil və din birliyinin yaradılması, ana dilində təhsil verən məktəblərin açılmasına mənəvi dəstəyin verilməsi və ən əsası “ittifaqı millət”- milli birlik fikrinin ortaya atılması məhz 2 illik (1875-1877) bir zaman kəsiyində baş verdi. Təəssüflər olsunki, H.Zərdabi və onun yoldaşlarının qəzetdəki gərgin əməyi, xalqı maarifləndirmək istəyi çar senzorlarının və erməni siyasətçilərinin nəzərindən yan keçməmişdi. Öz məqsəd və amalını milli oyanış istiqaməti üzərində götürən “Əkinçi” qəzeti 1877- ci ildə bağlandı. Lakin ilk milli mətbuatımız fəaliyyət göstərdiyi qısa zaman kəsiyində yetəri qədər işini görmüş, onun bəhrəsi isə çox keçmədən özünü büruzə verməyə başlamışdı. Bunu aydın şəkildə “Əkinçidən” sonra fəaliyyət göstərmiş mətbu orqanlarının işində görmək olurdu. Beləki, XIX əsrin sonuncu onilliyində Şimali Azərbaycanın ziyalıları tərəfindən də “Azərbaycan”, “azərbaycanlı”, “Azərbaycan milləti”, “Azərbaycan türkü” və “Azərbaycan – türk dili” anlamları qəti və aydın surətdə gündəmə çıxarılmışdır”.

Görkəmli tarixçi alim, professor S.Əliyarlı haqlı olaraq yazırdı ki, milli hərəkatımızın Əkinçi dövründə böyük işlər görülmüş, “Türk milləti” anlayışı gündəmə gətirilmişdi.

Tarixçi: Nərmin E.Nəzərova

Oxşar xəbərlər
OTACI