logo
First slide

Anar Məmmədov: Altıncı çağırış parlament müsbət mənada bir sıra yenilikləri ilə fərqlənir

19 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Milli Məclis yaz və növbədənkənar sessiyalarını uğurla başa çatdırıb. Belə ki, ötən dövr ərzində dövlət başçısının uzaqgörən daxili və xarici siyasətinin Milli Məclis səviyyəsində dəstəklənməsi üçün bütün lazımi tədbirlər görülüb. Ümumiyyətlə, istər 2020-ci il, istərsə də cari il ərzində altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərib və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verib. Parlament xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurub və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atılmasında yaxından iştirak edib.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, dövlət başçısı hələ 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırmışdı: “Bildirilmişdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirildi.

Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı. Parlamentin bugünkü tərkibi göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də zərurət var idi. Çünki istər dünya təcrübəsi, istərsə də Azərbaycan təcrübəsi göstərir ki, köklü islahatlar birbaşa dövlət idarəçiliyinin səmərəliliyini artırır. Cənab Prezidentin də bəyan etdiyi kimi, islahatlara alternativ yoxdur. İqtisadi, siyasi sahədə aparılan islahatlar, eləcə də kadr islahatları ölkəmizi daha da gücləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli kadr siyasəti də birbaşa dövlətçiliyə və dövlət idarəçiliyinin güclənməsinə hesablanıb.

Kadr islahatları yeni peşəkar, intellektual kadrların önə çəkilməsinə imkan verir. Belə ki, kadr islahatları çərçivəsində gənc və savadlı kadrlar, o cümlədən, Milli Məclisin Aparatında uzun illər fəaliyyət göstərən təcrübəli dövlət qulluqçuları qabaqcıl vəzifələrə irəli çəkilmişdir. Vətən müharibəsi qazisinin ailə üzvünə Milli Məclisdə yüksək vəzifə verilmişdir. Heç şübhəsiz, gənc kadrlar onlara göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmağa çalışmalıdır və bu islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir.”

Deputat bildirib ki, həyata keçirilən islahatlarla yanaşı tam yeni tərkibdə sədarətin seçilməsi, eyni zamanda bunun çoxpartiyalılıq əsasında baş tutması da özlüyündə yenilik və islahat xarakteri daşıyır: “Eyni zamanda Milli Məclis sədrinin sərəncamında göstərildiyi kimi, Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulması məqsədilə Milli Məclis Aparatında 13 şöbə əvəzinə 10 şöbə, İşlər İdarəsində isə 9 şöbə əvəzinə 4 şöbə, yeni bir şöbə – İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin yaradılması isə qanunvericilik hakimiyyəti ilə icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməyə əsaslanıb.

Beləliklə, Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına Milli Məclis Aparatının da uyğunlaşdırılması mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Çünki hazırki mərhələdə Azərbaycan Parlamentinin qarşısında mühüm vəzifələr durur və bunlardan ən birincisi qanunvericilik fəaliyyətini və seçicilərlə işi yeni keyfiyyətdə qurmaqdan ibarətdir.”

A.Məmmədov vurğulayıb ki, kadr islahatları ilə yanaşı, ölkənin yeni siyasi konfiqurasiyasına uyğun olaraq, parlamentin və onun komitələrinin rəhbərliyinə müxalifət partiyalarının təmsilçiləri seçiliblər: “Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. Plenar iclaslar zamanı parlamentdə təmsil olunan müxalifət partiyalarının rəhbərlərinə və təmsilçilərinə çıxış üçün geniş imkanlar yaradılması, müxalifət partiyalarının təmsilçilərinin Milli Məclisin rəsmi nümayəndə heyətlərinin xarici səfərlərində iştirak etməsi, xüsusən Parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyətinin daha da təkmilləşdirilməsi, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilməsi, ən başlıcası isə Azərbaycan parlamentində bitərəflərlə yanaşı, azlıqda olan partiyaların nümayəndələrinin təmsil olunması çox mühüm məsələdir və bir daha göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında keyfiyyətli işin həyata keçirilməsi istiqamətində formalaşıb.”

Deputat onu da qeyd edib ki, istər pandemiya dövründə, istərsə də 44 günlük Vətən  müharibəsi dövründə Milli Məclis öz missiyasını uğurla yerinə yetirdi: “Bu çərçivədə qlobal pandemiya ilə mübarizə zamanı Milli Məclisin fəaliyyətində müasir texnologiyaların tətbiqi genişləndirilib, parlamentin komitə və komissiyalarının iclasları, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantıları onlayn qaydada keçirilib. Plenar iclaslar zamanı deputatların sosial məsafə qaydalarına əməl etməklə iştirakı tam təmin edilib, Milli Məclisin inzibati binası mütəmadi dezinfeksiya olunub, virusun yayılmasının qarşısını almağa kömək edəcək digər ehtiyat tədbirləri həyata keçirilib. Həmçinin, Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr köçürüblər. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq, Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisi şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən, beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanmışdır. Parlament rəhbərliyinin və dostluq qruplarının adından 88 ölkənin parlamentlərinə və 11 beynəlxalq təşkilata 140-dan çox məktub göndərilmişdir.

Bir sıra ölkələrin spikerləri və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqları aparılmış, bəzi ölkələrin səfirləri ilə görüşlər keçirilmiş, onlara Ermənistanın təcavüzü və təxribatları haqqında ətraflı məlumat verilmişdir. Beləliklə, Milli Məclis ötən dövr ərzində özünü ölkədə həyata keçirilən islahatlar kursunun ruhuna uyğun, ona cavab və təkan verən bir ali qanunverici orqan kimi təsdiqlədi. Bu da heç şübhəsiz ki, səbəbsiz deyil. Çünki bu ali qanunverici orqan yeni ruhlu bir parlamentdir.”

Oxşar xəbərlər
OTACI
OTACI