Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yeni üzüm növü yaradılıb

16 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kənd Təsərrüfatı Naziliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yeni üzüm növü yaradıb.

Press.az nazirliyə istinadən xəbər verir ki, “Gəncəvi” adlandırılan üzüm növünü Aqrar Xidmətlər Agentliyi dövlət reyestrində qeydə alıb.

Yeni üzüm növü Azərbaycanın qiymətli süfrə “Ağ şanı” və texniki “Bayanşirə” üzüm sortlarının hibridləşməsindən alınıb.

"Gəncəvi" universal istiqamətlidir. Həm təzə halda istifadəyə, həm də emal üçün yararlı texnoloji parametrlərə malikdir. Bu növ valideynləri ilə müqayisədə universal istiqamətli olması, biotik və abiotik amillərə davamlılığı ilə seçilir: çiçəyi ikicinslidir, salxımları iri (uzunluğu 16-22 mm, eni 9-12 mm), konusvarı, orta sıxlıqda, bəzən seyrək şaxələnmiş formadadır, gilələri iri (uzunluğu 17-21 mm, eni 15-19 mm), ovalşəkilli və ya yumurtavarı formada, açıq-yaşıl rəngdədir, ləti ətvari-şirəli olub şirindir. Vegetasiya müddəti 156-164 gün arasında dəyişir. Gilələri sentyabr ayının axırlarında tam yetişir. Gec yetişən sortlar qrupuna mənsubdur.

Mildiu, oidium və boz çürümə xəstəliklərinə qarşı davamlılıq və dözümülülük (tolerantlıq) nümayiş etdirir. Məhsuldarlığı yüksəkdir. Becərmə sistemindən və şəraitindən, tənəyin formasından asılı olaraq məhsuldarlığı fərqli olur. Suvarılma şəraitində bir tənəkdə barlı zoğların miqdarı 60-80%; bar əmsalı 0,75-1,1; salxımların kütləsi 220-500 q; bir tənəyin məhsulu 7,2-12,4 kq, hektardan məhsuldarlıq 159-220 s/ha arasında dəyişir. Tənəklərinə çoxqollu yelpik formasının verilməsi, bar barmaqlarının 12-16 gözcüyə kəsilməsi, 50-56 gözcük yükünün verilməsi məsləhətdir (suvarma şəraitində). Dəmyə şəraitində isə sortun tənəklərinə kordon (birçiyinli və ikiçiyinli), Güyo və üçqollu yelpik forması verməklə, budama zamanı 28-34 gözcük saxlamaq olar.

Salxımları ümumi kütləsinə görə şirə çıxımı 81,3%; qabıq və lətin qalığı 11,7%; daraq 3,6%; toxum 3,4% olur. 100 gilənin kütləsi 282,8 qr, 100 toxumun kütləsi 3,8 qr - dır. Salxım və gilələrinin xarici görünüşü gözəldir, gilələrinin dadı və ətri harmonikdir. Dequstasiya qiyməti yüksək olmaqla 9 baldır. Salxım və gilələrin xarici görünüşü 3 balla, gilələrin dadı və aromatı 4 balla, qabıq və lətin xarakteri 2 balla qiymətləndirilib. Sort universal istiqamətli olub, perspektivlidir. Gilələrdə şəkərlilik 18-20 q/100 sm3, titirlənən turşuluq isə 6,8-8,0 q/dm3 arasında dəyişir. Təzə halda istifadə ilə yanaşı, müxtəlif növ ağ şərabların, üzüm şirəsinin istehsalı və qurudulma üçün yararlıdır.

Oxşar xəbərlər
OTACI