logo
First slide

İşsiz vətəndaşların xəbərsiz olduğu ödəniş sistemi: Hazırkı vəziyyət və yeniliklər - MÜSAHİBƏ + FOTO

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda sığortaolunanların itirilmiş əməkhaqlarının konpensasiya edilməsi məqsədilə işsizlikdən sığorta ödənişi həyata keçirilir. 

Ölkədə işsizlikdən sığortaolunanların məşğulluğunun təmin edilməsi, onların aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi və işsizlikdən sığorta mexanizmində tətbiq ediləcək yeniliklər barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev ilə həmsöhbət olduq.

Agentlik rəsmisinin Oxu.Az-a müsahibəsini təqdim edirik:

- Kimlər işsizlikdən sığorta ödənişi əldə edə bilər?

- “İşsizlikdən sığorta haqqında” qanunun 1.2 maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişinə cəlb edilən şəxslər əmək müqaviləsi ilə çalışmış şəxslər hesab olunur. Belə ki, əmək müqaviləsinə xitam verilmiş, iş yeri ləğv olunmuş vətəndaşlar işsizlikdən sığorta ödənişi əldə edə bilərlər. Eləcə də, qanuna edilmiş dəyişikliyə əsasən müddətli əmək müqaviləsi ilə işləyən və müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi əldə etmək hüququ verilir.

- İşsizlikdən sığorta ödənişi mexanizmi ilə bağlı hansı yeniliklər tətbiq olunacaq?

- İşsizlikdən sığorta ödənişi almaq hüququna malik şəxslərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində müvafiq addımlar atılır. Hazırda qanunvericiliyə dəyişiklik etmədən bir sıra islahatlar aparmaq, elektron informasiya sistemlərindən istifadəni genişləndirmək fikrindəyik. Bəzən vətəndaşların işlərinə xitam verilərkən onlar bundan məlumatsız olurlar. Bununla da sığorta ödənişini əldə edə bilmirlər. Biz məşğulluq altsistemində qeydiyyatda olan həmin şəxsləri taparaq, onların hüquqlarını müəyyənləşdirərək, onların telefon nömrələrinə SMS-lər göndərəcəyik. Eləcə də, pensiya sistemində olduğu kimi avtomatik olaraq işsizlikdən sığorta ödənişinin təyin olunması istiqamətində də işlər gedir. Həmçinin, vətəndaşın iş yerindən asılı olmayaraq, istənilən ərazi məşğulluq mərkəzinə yaxınlaşmaqla ödəniş əldə etməsinə nail olacağıq. Bütün bunlar və yeni sistem üzərində çalışırıq.

- İşsizlikdən sığorta ödənişinin məbləği barədə məlumat verə bilərsiniz?

- İşsizlikdən sığorta ödənişi təyin edilərkən vətəndaşın 24 ay ərzində 12 aydan çox əməkhaqqı toplanılır və ona uyğun olaraq məbləğ müəyyənləşdirilir. İşsizlikdən sığorta ödənişi minimum əməkhaqqından az, orta aylıq əməkhaqqından isə çox olmamalıdır. Hazırda ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb. Hazırda orta aylıq məbləğ 342 manatdır. Növbəti aylarda biz həmin məbləğin daha çox olmasını gözləyirik. Hesablamalarımıza görə, orta aylıq ödəniş 400 manatdan artıq olacaq.

- Hazırda neçə nəfərə işsizlikdən sığorta ödənişi edilir?

- Hazırda 1500-dən çox işsiz şəxsə sığorta ödənişi edilir. Bu ay 325 nəfərə, ötən ay isə 365 nəfərə işsizlikdən sığorta ödənişi edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə rəqəmlərdə 2-3 dəfə artım var.

- Ödənişlər hansı müddət ərzində davam edir?

- “İşsizlikdən sığorta haqqında” qanuna əsasən işsizlikdən sığorta ödənişi altı ay müddətinə təyin olunur. Əgər biz vətəndaşı işlə təmin edə bilməsək, növbəti üç ay da təkrar olaraq ödənişlər həyata keçirilir. Lakin təkrar ödənişlər minimum əməkhaqqı qədər olur. Yəni, 250 manat. İşsizlikdən sığorta ödənişi doqquz aydan çox ola bilməz.

- Ödənişlərin müddətinin hansısa xüsusi məqamlarda artırılması gözlənilir?

- Qanunda ödənişlərin müddətinin artırılması il bağlı bir maddə yoxdur. Hazırda biz daha çox aktiv məşğulluq imkanlarını araşdırırıq. Bir-neçə aktiv məşğulluq tədbirlərimiz mövcuddur. Əsasən peşəyönümlü xidmətlər göstərilməsini təmin edirik ki, vətəndaş növbəti dövrdə iş tapa bilsin. Aktiv məşğulluq tədbirlərimizdən biri də peşə hazırlığıdır. Peşə hazırlıqları işsiz vətəndaşlar üçün pulsuz həyata keçirilir. İşsiz vətəndaşlara peşə hazırlığı keçdiyi müddətdə hər ay minimum əməkhaqqı məbləğində təqaüdlər də ödənilir.

- İşsizlikdən sığorta ödənişi əmək müqaviləsi ilə çalışmış şəxslərə şamil olunur, gələcəkdə xidməti müqavilə ilə çalışan şəxslərə də işsizlikdən sığorta ödənişi edilə bilər?

- Hazırda bununla bağlı işlər gedir, təkliflər hazırlanır və aidiyyəti qurumlara göndərilir. Biz əmək müqaviləsi kağız üzərində olan şəxslərin də işsizlikdən sığorta ilə əhatə olunmasını təklif etmişik. Bu məsələ digər qurumlarla da müzakirə olunur. Yəni, əmək müqavilələri bildirişi sistemində olmayan şəxslərə, bura polis, gömrük və vergi orqanlarında çalışan şəxslər də aiddir ki, onlara da işsizlikdən sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur.

- Dünyanın bəzi ölkələrində bütün işsiz şəxslərə ödənişlər (işsizlik müavinətləri) edilir. Bu praktika Azərbaycanda da tətbiq edilə bilər?

- Bəli, digər ölkələrdə işləməyən şəxslərə işsizlik müavinətləri ödənilir. Hazırda bu praktika Azərbaycanda da araşdırılır. Digər ölkələrin təcrübələri öyrənilir. Bu, passiv məşğulluq tədbiri sayılır. Dövlət Məşğulluq Agentliyi isə aktiv məşğulluq tədbirlərinə üstünlük verir. Lakin, ölkəmizdə ünvanlı sosial yardım kimi bir sıra passiv məşğulluq tədbirləri var. Lakin, biz aktiv məşğulluq tədbirləri həyata keçirməklə işsizin işlə təmin olunmasına nail olmağa çalışırıq, nəinki passiv tədbirlər tətbiq etməklə onun ələbaxımlılığını və passivliyini daha da gücləndirək.

- Məşğulluq altsistemində qədər vakansiya mövcuddur?

- Ölkə üzrə vakansiya bankında il boyu 102 mindən çox vakansiya olub. Hazırda məşğulluq altsistemində 13 800-dən çox vakansiya var. Lakin, biz bununla kifayətlənmir və işəgötürənlərlə danışıqlar aparırıq. Hazırda “Məşğulluq Marafonu” keçirilir. Marafonda işəgötürənlər fəal şəkildə iştirak edirlər. Biz işaxtaran kimi qeydiyyatdan keçmiş qazi və şəhid ailəsi üzvləri üçün komissiya yaratmışıq. Onlarla gündəlik əlaqə yaradılır, CV-lər hazırlanır və işəgötürənlərin tələblərinə uyğun olaraq göndərilir.

- Məşğulluq altsistemində olan vakansiyalarda maaşların aşağı olmasından şikayət edilir. Bu məsələ ilə bağlı hansısa tənzimləmə aparmağı düşünürsünüzmü?

- Vakansiya bankında əməkhaqqı 15 min manat olan işlər də var. Lakin, çox azdır. Vakansiya bankına çıxarılan işlərdə əməkhaqların aşağı olması gündəmimizdədir. Biz bu istiqamətdə təbliğat-təşviqat işləri aparırıq. Lakin, ölkə iqtisadiyyatında iş yeri yaradan digər qurumlar da buna qoşulmalıdırlar. Hazırda qeyri-formal məşğulluğun aradan qaldırılması ilə bağlı da işlər həyata keçirilir. Bununla bağlı yaxında elektron resursumuz yaradılacaq. Bəzən maaşlar az qeyd olunur. Qeyri-formal şəkildə çalışan vətəndaş bununla bağlı bizə məlumat verə bilər və biz işəgötürənlə danışa bilərik. Bəzən vətəndaşlar qorxur ki, işdən kənarlaşdırıla bilərlər, lakin bu, nəticədə onların pensiya, sığorta və digər təminatlara mənfi təsir edir.

- İşsizlikdən sığorta ödənişlərinin tətbiq dairəsinin genişləndirilməsi ilə bağlı hansısa layihələr işlənilir?

- Sığorta ödənişlərinin əhatə dairəsini genişləndirmək fikrindəyik. Bununla bağlı təkliflər hazırlanır. Qanunvericilikdə bir sıra maneələr var ki, onları aradan qaldırmağa çalışırıq. Məsələn, bir sıra hallarda vətəndaş kənd təsərrüfatına yararlı pay torpağına sahib olduğundan məşğul hesab olunur və ona işsizlikdən sığorta ödənişi edilmir. Bununla bağlı qanuna müvafiq dəyişikliklər hazırlamışıq. Hazırda dəyişikliklərlə bağlı təkliflərimiz müvafiq orqanlara təqdim edilib.

- İşsizlikdən Sığorta Fondunun vəsaitləri ödənişləri tam təmin etməyə kifayət edir?

- İşsizlikdən Sığorta Fondunun vəsaitləri ödənişləri etməyə tamamilə imkan verir, hətta hər il büdcədə nəzərdə tutulan vəsaitdən artıq qalır. Hazırda biz, publik hüquqi şəxs kimi öz gəlirimizi də əldə edə bilirik. Bu yaxınlarda İşsizlikdən Sığorta Fondunun əlavə vəsaitlərindən daha səmərəli istifadə etmək üçün investisiyaların həyata keçirilməsi qaydalarını hazırladıq və hökumətə təqdim etdik. Bu istiqamətdə müzakirələr aparılır. Layihənin həyata keçirilməsi ilə biz artıq qalan vəsaitləri digər sektorlara investisiya etməklə əlavə gəlir əldə edəcəyik

Oxşar xəbərlər
OTACI
OTACI