Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazi anasından Kapital Bankla bağlı iddia: “Mənə dedilər: Ölməyib ki, yaralanıb, ödəməlisiniz”

18 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazi Cavad Qələndərlinin anasının iddiasına görə, oğlunun banka olan borcu ilə bağlı heç bir güzəşt tətbiq edilmir.

Press.az xəbər verir ki bu barədə Oxu.Az-a Vətən müharibəsi qazisi Cavad Qələndərlinin anası Ülkər Həsənova məlumat verib.

O bildirib ki, oğlu 1996-cı il təvəllüdlü C.Qələndərli ötən ilin avqust ayında Kapital Bankdan 10 min manat məbləğində kredit götürüb:

“Oğlum baş leytenantdır. Vətən müharibəsində Suqovuşan uğrunda gedən ağır döyüşlərdə iştirak edib. Cəmi bir ay banka ödəniş edib. Bir neçə ay ödəniş olmayıb və Kapital Bankdan oğluma yeni cədvəl təyin edilib. Ödəmədiyi müddəti hesablayıb ümumi məbləğin üzərinə gəliblər və borcun 12 min manat olduğunu deyiblər.

Oğlum müharibədə yaralanıb və aldığı yaralardan demək olar ki, bədəninin 50 faizdən çoxu iflic vəziyyətindədir. Doqquz aydır xəstəxanalarda müalicə alır. Oğlumun vəziyyəti ağırdır. Hazırda Türkiyədə müalicə alır. Cavad 25 yaşında əlil arabası ilə hərəkət edir. Xalq tərəfindən dəstək olunur. Sağ olsunlar. Səkkiz aydır mən Kapital Banka yalvarıram ki, oğlumun vəziyyəti ağırdır, onun maaşı ilə ancaq öz müalicəsini qarşılayıram. Dəfələrlə demişəm ki, mənim bu borcu ödəmək üçün gücüm yoxdur. Mənə deyirlər ki, “Ödəməlisiniz. Şəhidlər borcu bağlanır, şəhid olmayıb ki, yaralanıb da”. Biz borcu silə bilmərik, gərək bununla bağlı qanun qəbul olunsun.

Cavadın maaşı karta oturan kimi avtomatik bank 500 AZN çıxır. Yarımcan, yorğan-döşək xəstəsi olan qazinin, torpaq uğrunda canını qoyan 25 yaşlı gəncə ediləcək hərəkətdirmi bu? Hara getdimsə, mənə çöl qapını göstərdilər”.

Məsələ ilə bağlı sosial şəbəkədə çoxsaylı paylaşımlar edilib. Sözügedən paylaşımlardan birinin altında rəy bölməsinə Kapital Bankın “Facebook” səhifəsi tərəfindən cavab yazılıb. 

Cavab mətnini olduğu kimi təqdim edirik:

“Kapital Bank hər zaman olduğu kimi xalqımızın haqq yolunda cəbhə bölgəsində olan mübarizəsini diqqət mərkəzində saxlayır. Diqqətinizə çatdırmaq istərdik ki, qeyd olunan hal ilə bağlı müştəridən banka müraciət daxil olub və hazırda araşdırılır. Nəticə barədə müştəriyə məlumat təqdim ediləcək”.

 

Oxşar xəbərlər
OTACI