logo
First slide

Təranə Paşayeva: "Uşaqlara fiziki, mənəvi-psixoloji şiddətin gündəmə gəlməsi həyəcan təbili deməkdir"

11 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Uşaq dünyamızın sabahıdır!

Uşaq gələcəyin qurucusudur!

Uşaq ailənin sevincidir!

Bəs sabahımız, gələcəyimiz, sevincimiz, davamçımız, qurucumuz olan uşaqları necə tərbiyə edirik, necə yetişdiririk, necə sevirik, necə qoruyur, necə müdafiə edirik?!.

Düşünməyə dəyər.

Yazıya ritorik suallarla başlamağımız heç də təsadüfi deyil.

Xüsusən dünya düzəninin tamamilə dəyişdiyi indiki dönəmdə gələcəyi quracaq nəslin necə və hansı şərtlər altında böyüməsi, fiziki, mənəvi-psixoloji durumu olduqca vacib, aktual, təxirəsalınmaz məsələlərdir.

Son iki il ərzində həyatın gözlənilmədən dəyişməsi, COVİD-19 fırtınası, təbiətdə gedən dəyişmələr, informasiya müharibələri, texnika və texnologiyanın kosmik sürətlə inkişafı, onun həyatımıza, yaşam tərzimizə birbaşa və ya dolayısı ilə təsirinin mənəvi-psixoloji sferaya vurduğu zərbəsini sözlə ifadə etmək çətindir. Biz hər birimiz yeni mühitə alışmağa, yeni zamanın diqtə etdiyi şərtlərlə yaşamağa, uyğunlaşmağa çalışırıq. Başqa cür ola da bilməz.

Böhran vəziyyətinin acıları uşaqlara daha çox təsir edir. Bunun fərqində olmalıyıq. Uşaqların müdafiəsi ailənin, cəmiyyətin, dövlətin ən önəmli vəzifəsidir.

Ailə içində sevgi, qayğı ilə əhatə olunan, sağlam pedaqoji və psixoloji tərbiyə alan uşaq sağlam cəmiyyətin atributudur.

Yumruq altında əzilən, psixoloji şiddətə məruz qalan, aqressiv böyüyən bir uşağın özü, ailəsi, çevrəsi və bütövlükdə cəmiyyət üçün necə təhlükəli olduğunu görməmək mümkündürmü?

Uşaqlara fiziki, mənəvi-psixoloiji şiddətin gündəmə gəlməsi həyəcan təbili deməkdir.

Nəzərə almaq lazımdır ki, uşağın ilk sosial mühiti ailədir. Şiddət və zorakılığın da ilk ünvanı məhz ailədir. Ailədaxili münasibətlərin gərginləşməsi fonunda daha  çox uşağa zərbə dəyir. Bəzi valideynlər bunun fərqində olmasalar da uşaq çox zaman baş verənlərdə özünü günahkar sayır, “mən olmasaydım, onlar dalaşmazdı, atam anamı döyməzdi”, düşüncəsi ona dəyərsizlik, günahkarlıq hissi aşılamaqla bərabər, qorxu, aqressivlik, şiddətə meyllilik yaradır. Valideyn övlad üçün birinci örnəkdir. Uşaq ikən valideyni tərəfindən fiziki cəza alan ata-ana şüuraltıda yatıb qalan və əsəbi situasiya, gərginlik sayəsində oyanan ziyanlı hərəkəti fərqinə belə varmadan öz övladı üzərində təkrarlayır. Uşaq fiziki zədədən daha çox mənəvi-psixoloji zərbə alır. Qanayan yara sağalır, əzilib göyərən dəri qısa müddətdə əvvəlki vəziyyətinə qayıdır. Amma gözlə görünməyən qəlb ağrıları çox dərinliklərdə gizlincə öz işini görməyə başlayır. Kiçik yaşlarda sakit olan uşaq yeniyetməlik dönəmində qəfildən çılğınlaşır,  ata-ananı narahat edən davranışlar sərgiləyir. Valideyn yeniyetmədəki dəyişikliyin səbəbini araşdırmaq, mütəxəssisdən məsləhət almaq, övladı ilə dil tapıb içindəki tufanın nə ilə bağlı olduğunu aydınlaşdırmaq əvəzinə yenə cəza yolunu seçir. Yeniyetməyə qaldırılan yumruq çox ciddi, qarşısı alına bilinməyəcək qədər qorxulu yollara apara bilər. Bu yolda cinayət də, intihar da gözləniləndir.

Son günlər sosial şəbəkədə yer alan bəzi hadisələrə diqqət çəkmək istərdim. Məsələn, 9 yaşlı qızın atası tərəfindən şiddətə məruz qalması. Burada motiv nədir! Öncə buna diqqət yetirək. Qızını döyən ata şiddət əks olunan videonu hazırda Moskvada yaşayan keçmiş həyat yoldaşına göndərir. Yumşaq dillə desək, bu pozulmuş psixologiyanın, eqoizmin pik həddidir. Eyni anda həm uşaq, həm də ana şiddətə məruz qalır. Anaya qarşı intiqam yolunu seçən üzdəniraq ata qızını bir növ cinayət alətinə çevirir. Uşaq faktoru unudulur, həm ağır fiziki travma alan, həm də psixoloji sarsıntı yaşayan qız bu “psixoloji şouda” sadəcə vasitədir. Bu insanlığa sığan davranışdırmı?

Valideynlərinin bir-biri ilə anlaşa bilməməsinin ağrısını niyə uşaqlar yaşamalıdır, niyə zərbə günahsız  körpələrə dəyməlidir?

Sosial şəbəkələrdə yayımlanan daha bir xəbər təkcə üzücü deyil, həm də tükürpədicidir. Mənzərə damarda qanı dondurur. 14 yaşlı yeniyetmənin Rusiyada hansı işlə məşğul olduğu, evli-uşaqlı olub-olmadığı bilinməyən 38 yaşlı kişiylə izdivaca təhrik edilməsi nə insanlığa, nə də qanuna sığan bir işdir. Ana hələ sümükləri bərkiməmiş, həyatın, evliliyin  nə olduğunu dərk etməyən övladını niyə sonu görünməyən uçuruma sürükləyir? 14 yaşlı yeniyetmə dünyaya gətirəcəyi övladını necə böyüdəcək, ona hansı müsbət keyfiyyətləri aşılayacaq?

Övladını döyən, fiziki cəza verən bəzi valideynlər, – nə olsun, uşaq vaxtı o qədər döyülüb, söyülmüşəm ki, deyə kobud və zərərli davranışlarına haqq qazandırırlar. Məntiqə fikir verin, nəticə cavabın içindədir, döyülmüsənsə, deməli, döyə bilərsən. Bəli döyülməklə uşaq ölməz, amma cəmiyyət mənəvi-psixoloji şikəstlərlə zənginləşər.

Əziz valideynlər, doğru yolu tapmağa, övladınızı hərtərəfli sağlam böyütməyə çalışın. Ulularımız bizə çox dəyərli irs qoyublar. Kitablara sığmayan atalar məsəlləri çox yerdə yolumuzu aydınladır. Amma onların içərisində zamanla uymayan, ziyanlı tərəfləri olanlar da var. Məsələn, qızını vaxtında döyməyən sonda dizinə döyər kimi.

Uşaq tərbiyəsində ağıla sığmayan cəza üsulları, şiddət uyğulamaq yolverilməzdir. Və bütün cəmiyyət  qadına, uşağa qarşı şiddətə mübarizədə birləşməlidir.

Təranə Paşayeva

“Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri

Psixologiya üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər
OTACI
OTACI