Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gözləyirik - Görəsən gələcək? - FOTO

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əziz teatrsevərlər, bütün bu mücərrəd duyğuların cəmləşdiyi absurd və hamı tərəfindən birmənalı qarşılanmayan, qeyri-adi bir tamaşamıza - Samuel Bekketin "Qodonun İntizarında" (F.Qarayevin musiqiləri əsasında) əsərinə  baxmaq istəyirsinizmi? 

Bu gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəsmi "Facebook"  səhifəsində tamaşanı izləyə bilərsiz.

Əslində belə möhtəşəm səhnə əsərlərinə onlayn deyil, teatr lojalarında, parterlərində, amfiteatrlarında baxmaq tam başqa hisslərdir. Səhnə ilə üzbəüz, yerimizdən tərpənmədən, nəfəs dərmədən tamaşanı seyr etməyin ayrıca zövqü var.

Doğma teatr - Akademik Musiqili Teatr, ümid edirəm ki, həsrətindən qurtulacağımız günlər çox uzaqda deyil.

İndi keçək bir az tamaşa haqqında ümumi məlumata ki,  sizin üçün də maraqlı olsun.

Absurd teatrın yaradıcılarından olan fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin məhşur "Qodonun intizarında" pyesində hadisələr eyni məkanda və zamanda baş verir.

"Qodonun intizarında" pyesində elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada fərdiyyətdən cəmiyyətə çıxışın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir.

Tamaşada meşə cığırı ilə gedən yol və bir kənarda ağac var. Gecədir... Estraqon və Vladimir burada oturub Qodonu gözləyirlər. Qodo kimdir? Qodo elə bir varlıqdır ki, onun kimliyi yoxdur və heç vaxt da bu haqda məlumat verilmir. Qodo söz verib ki, Estraqon və Vladimirlə görüşsün və onlara nəsə versin. Amma bu "nə isə" nədir? Ölüm? Qurtuluş? Onların yaşamaqları üçün səbəb? Amma ortada bir şey var ki, Estraqon və Vladimir Qodonu nə üçün gözlədiklərini də unudublar... Burada  zaman içərisində bir zamansızlıq var...

Xalq artisti, bəstəkar Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən "Qodonun intizarında" tamaşasının bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər - Zakir və Leyla  Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.

Əsərdə cəmi 5 obraz var. Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın ən gənc aktyorlarından biri olan Hüseyn Nağıyev ifa ediblər.

Xatırladaq ki, bu tamaşa ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi "Skampa -2019" Beynəlxalq Müasir Teatr Festivalında da iştirak edib və dünyanın müxtəlif teatr mütəxəssisləri, eləcə də festival iştirakçıları  tərəfindən müsbət qarşılanıb.

Görəsən, bu gün Qodo Bakıya gələcəkmi?

Milli.Az

Oxşar xəbərlər
OTACI