logo
First slide

Ermənistan xalqımızın mədəni irsinə qarşı törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcək - Deputat

30 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan xalqımızın mədəni irsinə qarşı törətdiyi cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcək

Press.az xəbər verir ki, bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Tarixi faktlar göstərir ki, erməni vandalizmi sərhəd tanımır. Mənfur qonşularımızın xalqımıza qarşı törətdikləri vandalizm aktları terror hadisələrini, soyqırımını və müxtəlif cinayətkarlıq əməllərini özündə ehtiva edir. Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək də Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi olub. Xalqımıza qarşı erməni təcavüzünün qurbanları həm də tarixi, dini və mədəni abidələrimiz olub. Eyni zamanda, ermənilər xalqımıza məxsus yer adlarını-toponimləri dəyişdirməklə də çoxsaylı cinayətlər törədiblər. Şübhəsiz ki, tarixi saxtalaşdırmaq cəhdlərindən əl çəkməyən, torpaq iddiaları ilə yaşayan, faşizm ideologiyasının daşıyıcısı olan ermənilərin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində tarixi-dini abidələrin sayı ümumən 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır. Yeri gəlmişkən, 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb. Digər tərəfdən, bəzən ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğunu iddia edərək məkrli addımlar atıblar. Bu, faşist Ermənistanın bəşəriyyətə qarşı terrorçu və cinayətkar əməllərinin bariz nümunələrindən biridir.

Bunlarla yanaşı, ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalıb. İrəvan “Şah Abbas” məscidi, “Dəmir Bulaq” məscidi, “Hacı Novruz Əli” məscidi, “Sərdar” məscidi, “Buğakar” ziyarətgahı, “Ağadədə” ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurmuş, “Göy” məscidin isə arxitektur xüsusiyyətlərini dəyişdirərək onun başqa bir ölkəyə məxsus abidə olduğu iddia edilib.

Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər yürüşü edən Azərbaycan Ordusunun şanlı qələbəsi – ölkəmizin ərazi bütövlüyünün təmin olunması ermənilərin bəhs olunan istiqamətdə cinayətkar əməllərinin qarşısının alınması baxımından müstəsna önəm daşıyır. İşğaldan azad olunmuş bütün ərazilərimizdə tarixi-milli adlarımızın bərpa olunması, dəymiş ziyanın qiymətləndirilməsi mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq addımlar ardıcıl şəkildə atılır və davam etdiriləcək.

Şübhəsiz ki, Azərbaycanın 30 ilə yaxın işğal altında qalan ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Bu ölkənin xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş addımlar beynəlxalq konvensiyalara əsasən bəşəri cinayət kimi qiymətləndirilir. Ona görə də Ermənistan məhz tarixi-mədəni abidələrimizin dağıdılmasına, yer adlarının dəyişdirilməsinə və mədəni irsə qarşı digər soyqırımı faktlarına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. İşğaldan azad edilmiş ərazilərimizdə qiymətləndirmə aparıldıqdan sonra Ermənistan təzminat ödənilməsi üçün beynəlxalq məhkəmələrə veriləcək. Bu, şübhəsiz ki, mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyətə malikdir.

Oxşar xəbərlər
OTACI
OTACI