Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident Zəngilanda beynəlxalq hava limanının təməlini qoydu

27 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyub.

Press.az-ın xəbərinə görə, dövlət başçısı çıxış edərək deyib.

-Bu gün Zəngilan Beynəlxalq Hava Limanının təməl daşını qoyduq. Yaxın gələcəkdə Zəngilanda beynəlxalq hava limanı inşa ediləcək. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq.

Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcəkdir. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik.

Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır.

Zəngilanda bu gün birinci kənd layihəsi artıq icra edilməyə başlamışdır. Ağalı kəndinin təməl daşı qoyulmuşdur. Bu, böyük qayıdışın birinci addımıdır. Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir. İndi birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinin bərpasına start verilib. Ağalı kəndi, əslində, üç kənd – Birinci, İkinci, Üçüncü Ağalı kəndləri oktyabrın 28-də işğalçılardan azad edilmişdir. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu və bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm də iş yerləri, əkin sahələri müəyyən edilibdir. Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcəkdir.

Böyük qayıdış başlayıb. Bu gün burada təməl daşını qoyduğum hava limanı dövlətimizin gücünü göstərir. Bir qədər bundan aralıda yeni Horadiz-Zəngilan avtomagistral yolunun təməli də qoyulacaq. Mövcud yola paralel olan 4-6 zolaqlı bu yol geniş imkanlar açacaq. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti vardır. Bu hadisə münasibətilə zəngilanlıları və bütün Azərbaycan xalqını təbrik edirəm.

Oxşar xəbərlər
OTACI