logo
First slide

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

08 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məlum olduğu kimi, bütün ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Press.az-a verilən məlumata görə, icbari tibbi sığorta sisteminin məqsədi səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarını yaratmaq və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaqdır.

Agentlik tərəfindən tibbi xidmətlərin hamı üçün əlçatan olması və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Sözügedən proseslərin gedişində vətəndaş-qurum arasında qarşılıqlı əlaqənin formalaşdırılması əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Agentlik mütəmadi olaraq vətəndaşları icbari tibbi sığortanın tətbiqindən irəli gələn, həmçinin qurumun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə baxılması barədə məlumatlandırır.

Vətəndaşların diqqətinə çatdırırıq ki, icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin göstərilməsi qaydaları, tibbi xidmətlərin göstərildiyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri haqqında məlumat Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/) yerləşdirilib. Agentliyin internet səhifəsində icbari tibbi sığorta haqqının hesablanması üçün kalkulyator mövcuddur. Ən çox verilən suallar bölməsində vətəndaşlar onları maraqlandıran suallara cavab tapa bilərlər. Sığortaolunanlar Agentliyin hər gün yenilənən sosial şəbəkələrdəki səhifələrində sözügedən mövzularda məlumatlandırıcı postlarla tanış ola bilərlər.

Xidmətlər Zərfi çərçivəsində əhaliyə 2550 sayda müxtəlif tibbi xidmət göstərilir. Sığortaolunanlar ixtisaslı həkimin göndərişi əsasında tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər. Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaşlar tibb müəssisələrinə (post terminallarına) ödəniş etməlidir. Ödəniş icra olunduqdan sonra vətəndaşa ödənişi təsdiq edən sənəd (qəbz) təqdim olunur.

Vətəndaşın icbari tibbi sığorta sistemi ilə bağlı sualları yaranarsa, Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, qurumun internet səhifəsində “Elektron müraciət” bölməsinə, habelə [email protected] elektron poçt ünvanına və rəsmi ünvanına (Lev Tolstoy küç.170, Bakı, AZ1095) müraciət edə bilər. Qeyd edək ki, həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişlərin verilməsi ilə bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş Agentliyə müraciət edə bilər. Vətəndaş müraciətlərinin qəbulu, onların qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması Agentlik üçün prioritet məsələdir.

Vətəndaş göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə bununla əlaqədar ilk növbədə “Vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulunun təşkili haqqında” Agentliyin əmrinə əsasən tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-in 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər.

Qeyd olunmalıdır ki, tibb müəssisələrinin idarəedilməsi və kadr təminatı, tibb işçilərinin peşə biliyi və bacarıqlarının təkmilləşdirilməsi, həkim sirri ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunma TƏBİB-in səlahiyyətləri çərçivəsində həll olunan məsələlərə aiddir.

Qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur.

Qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq ad, soyad, atanızın adı, ünvanınız, telefon nömrəniz, yaxud işlədiyiniz yeri qeyd etməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda həmin Qanuna əsasən müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Eyni zamanda vətəndaşın “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanlara və məhkəməyə müraciət etmək hüququ var.

Oxşar xəbərlər
OTACI
OTACI