Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik vətəndaşın şikayətinə cavab verdi

07 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünən Cəlilabad rayonu, Mikayıllı kənd sakini Saməddin Məmmədovun sosial şəbəkələrdə yayılmış açıqlaması ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Press.Az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, Saməddin Həsənovun subsidiyaların gecikməsi, sahəyə vaxtında gübrə verilməməsi səbəbi ilə əkdiyi taxılın məhv olacağı barədə iddiaları tərəfimizdən dərhal araşdırılıb.

Onun sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, elektron kənd təsərrüfatı informasiya sistemində Cəlilabad rayonu üzrə Saməddin Həsənov adlı şəxs qeydiyyatdan keçməyib:

“Yəni, bu şəxsin EKTİS-də şəxsi kabineti yoxdur və avtomatik olaraq torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən hər hansı sənəd, aparılmış payızlıq əkin barədə məlumatlar mövcud deyil. Bu səbəbdən “subsidiya verilmir deyə gübrə alıb torpağa verə bilmirəm” - iddiaları əsassızdır”.

Şöbə müdiri əlavə edib ki, aparılan araşdırma zamanı Saməddin Məmmədovun həyat yoldaşı Məmmədova Zərifə Həsən qızının adına EKTİS-də yaradılmış şəxsi kabinetinin və kabinetdə vətəndaşın 2,28 hektar torpaq sahəsinin olduğu müəyyən edilib:

“Zərifə Məmmədova 2019/2020-ci il üçün öz sahəsində apardığı payızlıq əkini bəyan edib və buna müvafiq olaraq vətəndaşa dövlət tərəfindən 373 manat 60 qəpik subsidiya ödənilib. Lakin vətəndaş Zərifə Məmmədova 2020/2021-ci il üçün payızlıq əkinləri bəyan etməyib və subsidiya almaq üçün müraciəti yoxdur. Əkinləri bəyan edilmədiyinə görə vətəndaşa subsidiya ödənilməsi qeyri-mümkündür.

Qeyd olunanları nəzərə alaraq Saməddin Məmmədovun video-müraciətindəki iddiaların əsassız olduğunu bir daha təkrar edir və bildiririk ki, payızlıq əkinləri bəyan etmiş vətəndaşların subsidiyalarının “Fermer kartı”na köçürülməsində problem yoxdur. Proses davam edir, bu günədək 228 min fermerin kartına subsidiya vəsaitləri köçürülüb”.

Vüqar Hüseynov vurğulayıb ki, torpaq sənədləri və əkin məlumatlarında problem olan fermerlərin sahələri monitorinq altına alınıb. Monitorinqlər başa çatdıqda nəticəyə uyğun olaraq həmin vətəndaşlara subsidiya ödənilib-ödənilməməsi barədə qərar qəbul ediləcək.

Oxşar xəbərlər
OTACI