Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uğurlu diplomatiya Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirib

01 Apr 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycana qarşı qərəzli mövqe iflasa məhkumdur.

Press.az xəbər verir ki, bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Bu gün dünyanın nüfuzlu nəşrlərində və tanınmış ekspertlər tərəfindən Azərbaycanın 44 günlük müharibə dövründə qazandığı möhtəşəm qələbədən geniş bəhs edilir. Əsas diqqət yetirilən məsələlərdən biri Azərbaycanın təkcə hərbi müstəvidə - döyüş meydanında deyil, siyasi və diplomatik cəbhədə, beynəlxalq arenada böyük üstünlük qazanmasıdır.

Uğurlu diplomatiya Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirib

Heç şübhəsiz, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 17 il ərzində görülən işlərin nəticəsidir. İnkarolunmaz həqiqətdir ki, Azərbaycan bu müddət ərzində reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, erməni yalanlarını ifşa edib. Paralel olaraq ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətləri uğurla inkişaf etdirilib, Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı artıb. Həmçinin Azərbaycanın məqsədyönlü diplomatiyası nəticəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mühüm qərar və qətnamələr qəbul olunub. Müzəffər Ali Baş Komandanımız martın 20-də Şuşada etdiyi müraciətdə bu məsələlərə toxunaraq deyib ki, biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik. Dövlətimizin başçısının bildirdiyi kimi, beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən,

beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirə bildik: “Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq”.

Azərbaycan öz hərbi qüdrəti ilə tarixi ədaləti bərpa etdi

Daha bir vacib məsələ odur ki, ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli ordu quruculuğu, Azərbaycanın hərbi qüdrətinin artırılması böyük Zəfərimizi təmin edən mühüm amillərdən olub. Dövlətimizin başçısı sözügedən müraciətində “Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu”,-deyib. Əlbəttə, qürurverici haldır ki, Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərimizi azad edib. Ən əsası, Azərbaycanın tarixi zəfəri ilə başa çatan, dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi yazılan İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir, tədqiq olunur.

Beləliklə, XXI əsrin qələbəsi Azərbaycanın böyük tarixi nailiyyətidir.

 

Azərbaycanın qələbəsini həzm edə bilməyənlər qarayaxma kampaniyası aparırlar

Əfsuslar olsun ki, Azərbaycanın 44 günlük müharibədə tarixi zəfər qazanmasını həzm edə bilməyən dairələr, bu gerçəklikdən məyus olanlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Ermənipərəst mövqeyi ilə seçilən bəzi təşkilatlar, bir sıra ölkələrin siyasi dairələri bu istiqamətdə canfəşanlıq edirlər. Məsələn, son zamanlar Almaniya mediasında, bu ölkənin bəzi parlamentariləri, siyasətçiləri tərəfindən Azərbaycan haqqında əsassız iddialar tirajlanır, yalan məlumatlar dövriyyəyə buraxılır.

Təbii ki, bu, ilk növbədə, Azərbaycanın müstəqil siyasət həyata keçirməsindən, hətta regionda yeni reallıqlar yaratmasından doğan narahatlıqlarla bağlıdır. Çünki son açıqlamalar göstərir ki, Almaniya kimi ölkələr Azərbaycanın liderliyi ilə enerji, nəqliyyat layihələrinin həyata keçirilməsini qısqanclıqla qarşılayırlar. Çünki Azərbaycan öz strateji tərəfdaşları ilə birlikdə perspektivli əməkdaşlıq platformaları yaradır. Bu isə regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfədir. Bu layihələr Almaniya kimi ölkələrin rəqabət qabiliyyəti olmayan proyektlərinin əhəmiyyətini azaldır və ya onları sıradan çıxarır. Buna görə də öz cılız maraqlarını təmin edə bilməyən Almaniya siyasi dairələri və digərləri reallıqdan çıxış etmək, sağlam əməkdaşlıq etmək əvəzinə qərəzli mövqe tutur, çirkin təbliğat aparırlar.

Təbii ki, yeni reallıqlar yaradan, tarixi ədaləti bərpa edən Azərbaycan tərəqqi yolunda inamla irəliləyir. Ona görə də sözügedən dairələrin qarayaxma kampaniyaları, çirkin təbliğatlarının heç bir əhəmiyyəti yoxdur, hər zaman olduğu kimi iflasa məhkumdur.

Oxşar xəbərlər
OTACI