Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FHN: Yaxın günlərdə hospitalın bütün əməkdaşları əməkhaqqlarını alacaqlar

24 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının qısa müddətdə inşa edilərək istismara verilməsi dünyada COVID-19 infeksiyasının sürətlə yayılması fonunda ölkəmizdə bu virusla mübarizədə Azərbaycan dövlətinin atdığı mühüm addımlardan biri olub.

Bu barədə Press.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Zığ qəsəbəsində yerləşən bu Modul Tipli Hospital ən müasir standartlara cavab verməklə koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsində mühüm rola malikdir.

Təəssüflə qeyd edək ki, son günlər bəzi sosial şəbəkə səhifələri və kütləvi informasiya vasitələrində hospitalın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılmaqdadır. Belə ki, vaxtilə hospitalda çalışmış və müqavilə müddətinin bitməsi və ya işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsindən kənarlaşdırılan bəzi şəxslər qanunsuz şəkildə işdən azad edildiklərini əsassız olaraq iddia etməklə müəssisənin yüksək rəğbət qazanmış fəaliyyətinə kölgə salmağa çalışırlar. Əsasən də bu ilin yanvar ayı üzrə əməkhaqlarının gecikdirilməsini əsas gətirən bəzi əməkdaşlar bu məsələni başqa istiqamətə yönəltməyə və bununla da ictimai fikri çaşdırmağa cəhd göstərirlər.

Bununla bağlı bildiririk ki, fəaliyyəti dövründə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalında 2500 nəfərdən çox tibb və qeyri-tibb personalı müqavilə əsasında fəaliyyət göstərib. Bu müddət ərzində işçi heyəti üçün bütün zəruri və lazımi şərait yaradılıb, onların qanunvericiliyə uyğun olaraq əmək müqaviləsində göstərilmiş tələbləri təmin olunub.

Hospitalda yanvar ayı üzrə əməkhaqlarının gecikməsi ilə bağlı vurğulayaq ki, qanunvericiliyə uyğun olaraq personalın əməkhaqqı müvafiq dövlət qurumlarında razılaşdırıldığından bir qədər vaxt itkisinə səbəb olub.

Artıq məsələ həllini tapdığından yaxın günlərdə modul tipli hospitalın bütün əməkdaşları əməkhaqqlarını alacaqlar.

Onu da qeyd edək ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı son aylar dövlətimiz tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində vətəndaşlar arasında bu virusa yoluxma hallarında kəskin azalma müşahidə olunub. Hospitalda xəstə sayının azalması xidmət heyəti ilə qanunvericiliklə müəyyən olunmuş müqavilələrə xitam verilməsinə səbəb olub. Müqavilələrə xitam verilərkən əməkdaşların peşəkarlığı və nizam-intizamı nəzərə alınıb. Daha yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlarla müqavilə müddəti yarımştat cədvəli əsasında uzadılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının bütün əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, sosial sığortaya cəlb olunublar.

Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək daxil olan məlumatları yaymazdan əvvəl Nazirliklə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq.

Oxşar xəbərlər
OTACI