Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİM: İmtahana gələn dövlət qurumunun işçisinin üzərindən səsötürücü qurğu tapılıb

19 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Təəssüf olsun ki, bəzi hallarda müəyyən şəxslər qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməyə cəhd göstərirlər. İmtahanlarda daha çox mobil telefonla binaya daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və digər hallara rast gəlinir".

Press.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları, DİM əməkdaşları, zərurət olduqda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır.

Bu gün keçirilən inzibati rəhbər (A növü) vəzifələrə aid qruplar üzrə dövlət qulluğuna qəbul imtahanında hazırda dövlət qulluqçusu olmayan və dövlət orqanlarının birində müqavilə əsasında çalışan 1 namizədin üzərində səsötürücü qurğu tapılıb. Həmin namizəd ötürücüdən istifadə etməyə çalışarkən bu hal zal nəzarətçiləri tərəfindən aşkar olunub və müvafiq protokol tərtib olunmaqla namizəd imtahandan kənarlaşdırılıb. Həmin şəxslə bağlı müvafiq dövlət orqanına da müraciət olunacaq.

Dövlət orqanında müqavilə əsasında çalışan və gələcəkdə inzibati rəhbər vəzifə tutmaq istəyən bir şəxs tərəfindən belə bir qayda pozuntusunun törədilməsi təəssüf hissi doğurur. Dövlət qulluqçularının etik davranış qaydalarında qeyd olunduğu kimi, dövlət qulluqçusu və ya dövlət qulluğunda çalışmaq istəyən insanlar bütün hallarda hər bir şəxs üçün nümunə olmalıdırlar. Gələcəkdə dövlət qulluqçusu olmaq istəyən şəxs dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

Bu kimi halların baş verməsi Dövlət İmtahan Mərkəzinin də işini çətinləşdirir. Belə ki, Mərkəz imtahanın təhlükəsizliyinin təmin edilməsi, ədalətli seçimin həyata keçirilməsi və digər bu qəbildən olan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maddi vəsait və insan resurslarını sərf etməli olur. İmtahanların təşkili zamanı bütün qeyd edilənlər və ictimaiyyət üçün məlum olmayan bir sıra tədbirlər əlavə canlı qüvvənin və maddi vəsaitlin xərclənməsini zəruri edir və təbii ki, DİM-in resurslarının daha səmərəli istifadə olunmasına mane olur.

Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlarla bağlı qaydalara, tələblərə tam riayət etməyə çağırır. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək.

Oxşar xəbərlər
OTACI