Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaradağda dəfn olunan şəhidlərin məzarları köçürüləcək? - Deputatdan açıqlama

27 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qaradağ ərazisindəki qəbiristanlıqda dəfn olunan şəhidlərlə bağlı məsələyə müvafiq qurumlar tez reaksiya verməli idilər. Ancaq bu olmasa da, indi vəziyyəti düzəltməyə çalışırlar. Şəhid ailələrinin istəyinə uyğun olaraq bu problem həll olunacaq”. 

Bunu “Yeni Sabah”a açıqlamasında Qaradağ rayonundan seçilən millət vəkili Aydın Hüseynov deyib. O, bildirib ki, bu problemin qarşısı rahatlıqla alına bilərdi:

“Buna baxmayaraq, artıq məsələnin həlli yolunda addımlar atılıb. Onların Fəxri Xiyabanda dəfn olunacaqları ilə bağlı isə fikir səsləndirə bilmərəm”.

Aydın Hüseynov qeyd edib ki, şəhidləri inzibati bölgüyə əsasən seçmək düzgün deyil:

“Mən onların ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin hər biri bizim üçün əzizdir. Sadəcə olaraq inzibati baxımdan qəbiristanlıq Qaradağ ərazisinə düşür. Şəhidlər özləri isə Yasamaldan, Binəqədidən və Bakının digər rayonlarındandır. Çünki Qaradağ rayonundakı həmin ərazi şəhər qəbiristanlığı sayılır. Ölkənin hər yerindən orada dəfn olunanlar var. 

Bu qəbiristanlıqda dəfn olunan şəhidlərin heç biri Qaradağ rayonunda qeydiyyatda olan, hərbi komissarlıqdan çağırılanlar deyil. Qaradağın özündən olan şəhidlər başqa yerlərdə dəfn olunub. Sözügedən problemlə bağlı müvafiq tədbirlər görüləcək. Hər bir şəhid ailəsinə dövlət tərəfindən qayğı göstərilir”.

Millət vəkili bildirib ki, məsələ öz həllini şəhid ailələrinin istəyinə uyğun olaraq tapacaq: “Onlar dəfn olunarkən belə bir hal yox idi. Bakının relyefi elədir ki, yeraltı sular ola bilər. Sosial şəbəkələrdə bunu qabardanlar çox səhv edirlər. Biz böyük bir qələbə əldə etmişik. Həmçinin müharibədən çıxmışıq, itkilərimiz var. Birlikdə olub güclü şəkildə ermənilərə qarşı qələbə çaldığımız kimi, belə məsələlərdə də bir olmalıyıq. Bu halları qabardanlar düşmən dəyirmanına su tökərək, şəhidlərin adından istifadə edərək özlərini gündəmə gətirirlər”.

Xatırladaq ki, 17 şəhid ailəsi övladlarının Qaradağ rayonu ərazisində yerləşən qəbristanlıqda dəfn edilməsinə etiraz edir və onlar müxtəlif dövlət qurumlarının qarşısında məsələ qaldıraraq məzarların köçürülməsini tələb edirlər. Buna səbəb kimi isə övladlarının məzarlarının qrunt sularının altında qaldığını göstərirlər.

Oxşar xəbərlər
OTACI