Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Anar Məmmədov: Dinamik iqtisadi inkişaf mütəmadi səciyyə daşıyır

23 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son 17 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusilə təqdirəlayiq haldır ki, bu dinamik inkişaf bu gün müharibə və pandemiya reallıqları fonunda da davam edir. Bu xüsusda beynəlxalq təşkilatların, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 10 ən islahatçı ölkə sırasındadır və dünya miqyasında 28-ci yerdədir.

Məlum olduğu kimi, Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və bu sahədə zəngin ənənələrə malikdir. Hələ 19-cu əsrin ikinci yarısında Bakıda neft istehsalının genişlənməsi yalnız neft sektorunun deyil, digər sahələrin də inkişafına imkan yaratmışdı. Ötən əsrin 70-80-ci illərində isə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkədə güclü sənaye potensialı formalaşdırılmışdır. Həmin dövrdə yaradılmış neft maşınqayırması kompleksi, dərin özüllər, məişət kondisionerləri, radio-quraşdırma, elektron-hesablama maşınları zavodları və digər iri müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan tələbatının böyük hissəsini ödəyir, həmçinin bir çox xarici ölkələrə məhsul ixrac olunurdu. Bununla yanaşı, neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında Azərbaycan dünyada tanınmış mərkəzlərdən biri idi.

Müstəqilliyin ilk illərində “Əsrin müqaviləsi”nin imzalanması və transmilli layihələrin icrası ilə başlanmış uğurlu neft strategiyasının həyata keçirilməsi neft-qaz sənayesi ilə yanaşı, digər sənaye sahələrinin də inkişafına təkan vermişdir. Eyni zamanda, “Əsrin müqaviləsi” neft-qaz və onunla əlaqəli sahələrdə yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına, sənayenin kadr təminatının yaxşılaşmasına zəmin yaratmışdır.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq ölkə sənayesinin inkişafı tamam yeni mərhələyə qədəm qoymuşdur. Xüsusən qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Bu əsasda son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Sənayenin modernləşdirilməsi, onun innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunmuşdur.

Bu gün dünyada bir çox ölkələrin sosial-iqtisadi layihələri ixtisar etdiyi zamanda ölkəmizdə bir sıra müəssisənin istifadəyə verilməsinin davamı olaraq bir neçə gün bundan öncə Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlinin qoyulması, vərəqə şüşə istehsalı müəssisəsinin açılışı yuxarıda sadaladıqlarımızın bariz nümunəsidir.Bütün bunlar isə ilk növbədə yeni iş yerlərinin  yaradılmasına, işsizlik həddinin azalmasına, eyni zamanda innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına birbaşa təsir göstərir.

Beləliklə, qeyd etmək lazımdır ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Belə ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da milli inkişafın fundamental komponenti kimi çıxış edir. Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Oxşar xəbərlər
OTACI