Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dizayner ata şəhid oğlunun doğum gününə bulaq tikdirdi

19 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Vətən müharibəsində şəhid olan Səbuhi Əsədovun 22 yaşı tamam olur. 

Ailənin sonbeşiyi, üç bacının tək qardaşı olan Səbuhi 1999-cu ildə dünyaya göz açıb. 2019-cu ildə hərbi xidmətə çağırılıb və müharibə başlanan zaman Mingəçevir rayonunda xidmətdə olub.

Bacısı Məlahət Babayevanın sözlərinə görə, ailəsi Səbuhinin döyüşlərdə iştirakından şəhid olandan sonra xəbər tutub: 

“Çox sakit, tərbiyəli idi, heç kəslə işi olmazdı. Özü də idmançı idi, idmanda nailiyyətləri, diplomları vardı. Hərbi xidmətdə kəşfiyyat bölüyündə xidmət edib. Bizim heç xəbərimiz olmayıb ki, o döyüşdədir. Fikirləşirik ki, yəqin anama görə deməyib. Çünki qardaşım əsgər gedəndə anam reanimasiyaya düşmüşdü, uzun müddət ürəyindən müalicə aldı. Müharibə başlanandan isə cəmi iki dəfə - oktyabrın 3-ü və 4-də evlə əlaqə saxlayıb. Birinci dəfə danışanda o qədər gülə-gülə danışıb ki, heç döyüşdə olduğundan şübhələnməyiblər. Növbəti dəfə zəng edəndə atam neçə dəfə harada olduğunu soruşub, ona da deməyib. Şəhid olana qədər döyüşdə iştirak etdiyindən xəbərimiz olmayıb”.

Bacısı deyir ki, Səbuhi cəbhə yoldaşları ilə birgə sentyabrın 27-dən Tərtər istiqamətində Vətəni müdafiəyə başlayıb. Əvvəlcə Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, Ağdərə istiqamətində vuruşub. Komandiri və əsgər yoldaşları onun necə əzmlə, qəhrəmancasına döyüşdüyünü bildiriblər. 

Ailəsinin Səbuhi ilə bağlı arzuları oğullarının ömrü kimi yarımçıq qalıb. Amma ailəni ovudan onun mərdliklə döyüşməsiylə yanaşı, bir də ucaldığı şəhidlik zirvəsinin o arzuların fövqündə olmasıdır:

“Sevdiyi qız var idi, neçə ildir bir-birini sevirdilər. Anam yayda elçi getmək istəyirdi, hərbi xidmətə getdiyinə görə yubandı. Sonra anam dedi ki, yanvarda 22 yaşı tamam olur, hərbi xidmətdən gəlsin, onda elçi gedəcək. O da qismət olmadı... Şəhidlər şəhid olacaqlarını bilirlər, Allah onlara sanki işarə göndərir. Yayda sevdiyinə əlində silah olan şəklini göndərib. Necə göründüyünü soruşub. Sonra isə yazıb ki, şəhid olsam, daha yaraşıqlı görünərəm”, - M. Babayeva deyir.

Əsədovlar ailəsi Səbuhinin şəhidlik xəbərini oktyabrın 10-da alıb. O, doğulduğu Suraxanı rayonunda, Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.

Bu gün həm də yaşadığı evin qarşısında şəhidimizin anım günü ilə bağlı salınan bulaq kompleksinin açılışı olub. Kompleks ixtisasca dizayner olan atası Azər Əsədovun şəhid oğluna doğum günü hədiyyəsidir. 

Qafqazinfo

Oxşar xəbərlər
OTACI