logo
First slide

Paşinyanın başının üzərində “Domokl qılıncı” görünməkdədir - ŞƏRH

13 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“11 yanvar bəyanatına həm də 10 noyabr üçtərəfli bəyanatının məntiqi nəticəsi kimi baxmaq olar. Çünki 11 yanvar bəyanatında daha çox əvvəlki üçtərəfli bəyanatın 9-cu maddəsinə toxunuldu. Bu maddədə də bölgədə bütün kommunikasiya xətlərinin açılması və bərpa olunması nəzərdə tutulub. O cümlədən, burada Azərbaycan və Ermənistan arasındakı kommunikasiya xətlərinin, Zəngəzur üzərindən keçərək Azərbaycanı Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirəcək xüsusi əhəmiyyətə malik strateji dəhlizin açılması nəzərdə tutulub. Bununla bağlı 11 yanvar bəyanatında detallar daha da açıqlanmış oldu”.

Press.az xəbər verir ki, bu sözləri Publika.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

Onun sözlərinə görə, bu bəyanatı bölgədə sülh prosesinin sürətlənməsi baxımından vacib addım kimi qiymətləndirmək olar: “Detallardan da görünür ki, kommunikasiya xətlərinin və infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı İşçi Qrupun yaradılması nəzərdə tutulub. Bu qrupa hər üç ölkənin baş nazir müavinləri rəhbərlik edəcək. Eyni zamanda İşçi Qrup çərçivəsində ekspertlər qrupu yaradılacaq. Bu qrup bir ay ərzində regiondakı vəziyyət və kommunikasiya xətlərinin araşdırılması ilə bağlı təkliflər irəli sürəcək. Martın 1-nə kimi də bu təkliflər İşçi Qrupun üzvləri tərəfindən səsləndiriləcək. Bəyanat regionda sülh yaradacaq. Çünki artıq Azərbaycan bu müharibədə bölgədə yeni reallıq yaratdı. Reallığın və sülhün davamlı olması üçün kommunikasiya xətlərinin bərpası vacib idi”.

S.Zahidov qeyd edib ki, regionda inteqrasiyanın olması, dövlətlər arasındakı əlaqələrin bərpa olunması vacib faktor kimi qiymətləndirilməlidir: “Məsələn, Almaniya və Fransanı burada nümunə göstərə bilərik. 1870-1945-ci illərdə bu iki dövlət bir-birinə qarşı üç böyük müharibədə iştirak edib. Amma daha sonra Avropa Birliyi çərçivəsində Almaniya ilə Fransa arasında müxtəlif iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsi, kommunikasiya xətlərinin bərpası iki dövlət arasındakı münasibətləri normal şəkilə gətirib və bölgədə sülhün, inkişafın təminatçısı olub. Bu səbəbdən də bəyanat sülh prosesinin möhkəmləndirilməsi baxımından vacib addımdır. Ermənistan üçün də faydalı addım o zaman olardı ki, onlar bu bəyanatdan irəli gələn maddələrə riayət etsinlər. Xüsusilə də 9-cu maddəyə”.

Ekspert vurğulayıb ki, Ermənistanın sosial-iqtisadi vəziyyətinin acınacaqlı olması hər kəsə məlumdur. Buna görə də onlar üçün yeganə qurtuluş yolu kommunikasiya xətlərinin açılması və qonşularla normal münasibətə daxil olmaqdır: “Bilirik ki, Ermənistanın qonşuları ilə münasibəti heç də ürəkaçan səviyyədə deyil. Bu da onu inkişafdan saxlayan səbəblərdən biri idi. Azərbaycanın təşəbbüsü ilə çoxlu sayda regional layihə gerçəkləşib. Bura dəmiryolu, qaz və neft kəməri layihələri daxildir. Bunların heç birində Ermənistan yox idi, səbəb isə onların işğalçılıq siyasəti olub. Hazırda bu ölkə iki seçim qarşısında qalıb: ya mövcud olmağa davam edəcək, ya da mövcud olmayacaq. Mövcud olmağa davam etmək üçün isə Ermənistan bu layihələrə, üçtərəfli bəyanata konstruktiv yanaşmalı, bütün bəndlərə əməl edərək düzgün mövqe sərgiləməlidir”.

S.Zahidov bildirib ki, Moskva görüşü zamanı çıxışında Nikol Paşinyan əsirlərin mübadiləsi və Qarabağın statusu ilə bağlı da yersiz ifadələr səsləndirib. Ekspert burada Paşinyanın məqsədinin daxili auditoriyaya mesaj vermək olduğunu deyib: “Məlumdur ki, hazırda Paşinyanın vəziyyəti Ermənistanda gərgindir, onun hakimiyyəti silkələnir, başının üzərində “Domokl qılıncı” görünməkdədir. Ona görə də o, guya erməni xalqının istəklərini yerinə yetirməsi ilə bağlı mesaj verməyə çalışır. Amma istənilən halda artıq yeni reallıq var. Bu reallığın başında ölkəmiz gəlir, çünki bunu Azərbaycan yaratdı.

Eyni zamanda kommunikasiya xətlərinin bərpası Azərbaycana böyük dividendlər gətirəcək. Dövlətimiz artıq Gürcüstandan başqa digər alternativ yollarla Qərbə çıxa biləcək. Buradan digər yararlanan dövlət Türkiyə olacaq ki, qardaş ölkənin Azərbaycanla birbaşa əlaqəsi Zəngəzur dəhlizi üzərindən yaranacaq”.

Oxşar xəbərlər
OTACI
OTACI