Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tarix müəllimi işləyə bilməsə də, tarix yazan şəhidimiz - VİDEO - FOTO

11 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxının Göylər kənd sakini 28 yaşlı Elgün Quliyev Vətən müharibəsindən bir müddət əvvəl müəllimlərin işə qəbulu imtahanına qatılmış və yüksək balla Lerik rayonu Sors kəndinə təyinat almışdı. Lakin ona tarix müəllimi işləmək qismət olmadı, Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə yollandı. Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şamaxıda dünyaya göz açan Elgün Quliyevin elmə, təhsilə böyük marağı olub. Məktəbi əla qiymətlərlə bitirib. Eyni zamanda, dinimizə də çox bağlı olub, Quran təhsili alıb. Arzusu isə tarixçi olmaq, Azərbaycanın şanlı tarixini şagirdlərinə tədris etmək idi. Ancaq sevdiyi ixtisası tədris edə, şagirdlərinə tarixi öyrədə bilməsə də, səngərdə öz qanı ilə tarix yazdı.

Ali məktəbi uğurla bitirdikdən sonra Elgün müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidməti isə düşmənlə üzbəüz təmas xəttində keçib. Onu tanıyanların qəlbində daim haqq yolu tutan, mülayim, xoşrəftar bir gənc kimi iz qoyub.

Elgün üç bacının yeganə qardaşı idi. Hələ Aprel döyüşləri zamanı da könüllü olaraq hərbi komissarlığa müraciət etmiş, ordu sıralarına qatılmaq istədiyini bildirmişdi. Lakin adına çağırış gəlmədiyindən cəbhəyə gedə bilməmişdi.

Vətən müharibəsi başlayanda da döyüşlərə qatılmaq üçün müraciət etdi. Nəhayət, istəyinə çatdı. Füzuli, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Şuşada da şəhidlik zirvəsinə ucaldı.

Son zəngində ailəsi ilə şəhid olacağını sanki hiss edirmiş kimi danışıb, halallıq istəyib. Bu zəngdən bir neçə gün sonra isə şəhidlik zirvəsinə ucalıb.

Elgün müəllimin pedaqoji fəaliyyəti başlamadan sona çatdı. Amma əminik ki, üzünü belə görmədiyi şagirdləri, bircə dəfə belə olsun əyləşə bilmədiyi iş masası, sinif otağı, kollektivi bundan sonra onu hələ çox xatırlayacaq...

Asan iş deyil, tarix öyrətmək üçün doğulub, tarix olmaq üçün ölmək. Şəhidlik zirvəsinə yüksələn Elgün məhz bu tarixi yazanlardan biri oldu. Ən müasir Azərbaycan tarixinin hər səhifəsində, hər sətrində izi qalacaq qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub. Allah rəhmət eləsin!

 

Oxşar xəbərlər
OTACI