Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident İlham Əliyev, bir mədəniyyət incisi kimi, Şuşanın mənəvi dəyərini özünə qaytardı

09 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən dövlətin mədəniyyət siyasətinin strateji prioritetləri üzərində geniş dayandı. Azərbaycan mədəniyyətini Azərbaycan xalqının milli varlığını, milli mənsubiyyətini qoruyan mühüm amil kimi dəyərləndirən cənab Prezidentin həmin çıxışında diqqəti çəkən mühüm məsələlərdən biri də Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi oldu.

Təbii ki, Azərbaycan mədəniyyətinin ən müxtəlif sahələrinə verdiyi töhfələri ilə Şuşa bunu artıqlamasilə haqq edir. Amma Şuşa bizim üçün həm də 30 ildən bəri işğal altında olan torpaqlarımızın azadlığının simvoludur. Şuşa bizim Zəfər Bayramımızın simvoludur. Təsadüfi deyil ki, Zəfər Bayramı günü məhz Şuşanın işğaldan azad olunduğu 8 noyabr gününə təyin olundu. Vətən müharibəsinin dönüş günü də məhz Şuşanın azad olunduğu günlə bağlıdır, məhz Şuşanın azad olunmasından sonra düşmən kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qaldı.

Görünür, o da təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasına da Şuşadan – Füzuli-Şuşa yolunun çəkilməsindən başlanıldı.

Azərbaycanda tarixi şəhərlərimiz çoxdur: Təbriz, Gəncə, İsfahan, Ərdəbil, Naxçıvan, İrəvan, Bərdə, Şamaxı, Bakı və s. Onların hər biri Azərbaycanın paytaxt şəhərləri, elm, mədəniyyət mərkəzləri olub. Amma Şuşanın yeri tamam başqadır. Əgər Azərbaycanın döyünən ürəyi Qarabağdırsa, Qarabağın döyünən ürəyi Şuşadır.

Şuşa deyəndə ilk növbədə musiqi, muğam sənətimizin Üzeyir Hacıbəyov, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski, Maestro Niyazi, Zülfüqar Hacıbəyov, Bülbül, Rəşid Behbudov, Süleyman Ələsgərov kimi korifeyləri yada düşür.

Lakin Şuşa təkcə musiqi beşiyimiz yox, həm də nəhəng ədiblər vətənidir. Bu şəhər mədəniyyətimizə Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev kimi ədiblər bəxş etmişdir.

Təkcə bunlarmı? Bəs Əhməd bəy Ağaoğlu kimi böyük mütəfəkkir, Səməd bəy Mehmandarov kimi hərbçi-general, Lətif Kərimov kimi dünya şöhrətli xalçaçı rəssam?

Şuşada “Məclisi-fəramuşan“, “Məclisi-xanəndə”, “Məclisi-üns” kimi ədəbi və musiqi məclisləri fəaliyyət göstərib. 1992-ci il 8 may işğalına qədər bu ənənə davam etdirilərək hər il burada Vaqif poeziya günləri, “Xarı bülbül” musiqi festivalı keçirilirdi. Buna görə də cənab Prezident tapşırıq verdi: “Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır… Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri”.

Şuşanın Azərbaycan tarixinə verdiyi töhfələri saymaqla qurtarmaz. Amma Şuşanı Azərbaycanın, hətta bütün regionun mədəniyyət mərkəzinə çevirən başlıca amil onun özünün coğrafi mövqeyi ilə, təbiəti ilə, abidələri ilə füsunkar bir mədəniyyət abidəsi olmasıdır. O, Tanrının Azərbaycan xalqına və Azərbaycan ölkəsinə töhfə etdiyi bir mədəniyyət incisidir.

Cənab Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin mərkəzi elan etməklə onun mənəvi dəyərini yenidən özünə qaytardı.

Əziz Ələkbərli

Milli Məclisin deputatı

Oxşar xəbərlər
OTACI