Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid ailələrinə və müharibə veteranlarına dövlət qayğısının növbəti nümunəsi

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın inkişafını təmin edən, qüdrətini artıran çox mühüm amillərdən biri ölkədə xalq-iqtidar birliyinin mövcud olması və dövlətin öz vətəndaşlarına hərtərəfli dəstək göstərməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının bütün qərarlarında, imzaladığı fərman və sərəncamlarda dövlətin vətəndaşa hərtərəfli qayğısı aşkar şəkildə görünür.
Press.az xəbər verir ki, bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Şəhid ailələrinin dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilməsi təqdirəlayiq haldır
Bu yaxınlarda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid ailələrinin təqaüdünün 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdünün 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdünün 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdünün isə 300 manata qədər artırılması, Milli Qəhrəmanlarımızın təqaüdlərinin 1800 manata çatdırılması, yeni bir təqaüdün - Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis olunması, onun məbləğinin 2000 manat olaraq müəyyən edilməsi də bu baxımdan xüsusi qeyd edilməlidir. Eyni zamanda, 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən fərdi evlərlə və mənzillərlə təmin edilib. Başa vurduğumuz il ərzində 1450 mənzil və fərdi ev şəhid ailəsinə, müharibə əlilinə təqdim edilib və növbəti günlərdə daha 50 ev veriləcək. 2020-ci ildə, həmçinin 400 müharibə əlilinə və əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub ki, bu da həmin kateqoriyadan olan insanlara yüksək diqqət nümunəsidir. Yeri gəlmişkən, 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə Prezident İlham Əliyev məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi barədə qərar qəbul etdiyini diqqətə çatdıraraq deyib: “Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır”.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ölkə başçısının diqqət mərkəzindədir
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmana edilən dəyişiklikdə bu məqam öz əksini tapıb. Dəyişikliyə əsasən Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Bu, həm dövlətin öz vətəndaşlarına, həm də həssas sosial qrup olan şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yüksək diqqət nümunəsidir.
Yenilik bu kateqoriyadan olan insanların müraciətlərinin daha çevik araşdırılmasına və həllinə xidmət edir
Əlbəttə, yerli icra hakimiyyəti orqanlarında belə bir şöbənin yaradılması bu qurumların üzərinə xüsusi məsuliyyət qoyur. Bu yenilik həm də yerlərdəki müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə daha sistemli və çevik şəkildə məlumatlanmağa, onların üzləşdiyi çətinlikləri operativ həll etməyə imkan verir. Bir növ, yerli icra hakimiyyətinin müvafiq şöbəsi bu sahədə ixtisaslaşır ki, bu da şəhid ailələrinin, müharibə veteranlarının müraciətini qısa zamanda araşdırıb həll etməyə yardımçı olacaqdır.
Məsul qurumların öz vəzifə öhdəliklərini vicdanla yerinə yetirməsi vətəndaşın dövlətə inamını daha da artıracaq
Şübhəsiz ki, ölkə başçısının sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısı hər kəsə nümunə olmalıdır. Elə yerli icra hakimiyyəti orqanları da bu yenilikdən irəli gələn vəzifə öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Bu, həm vətəndaşın öz dövlətinə inamının daha da artmasına, həm də ölkədə milli birliyin güclənməsinə xidmət edəcək.

Oxşar xəbərlər
OTACI