logo
First slide

Şahin Mustafayev: “Sudan energetika üçün istifadə ona qənaətə imkan verir”

07 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“2020-ci il aprelin 30-da ölkənin əsas su anbarlarında suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyard kubmetr, sadəcə, Mingəçevir su anbarında 1 milyard kubmetr az olub. İl ərzində də ümumilikdə su anbarları, o cümlədən Mingəçevir su anbarına daxil olan suyun həcminin aşağı olmasına baxmayaraq, su ehtiyatlarının planlı və optimal istifadəsi istiqamətində görülən tədbirlər sayəsində ilin sonuna əsas su anbarlarında suyun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 320 milyon kubmetr, o cümlədən Mingəçevirdə 240 milyon kubmetr çoxalıb”.

Press.az xəbər verir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, suya qənaət imkanı verən əsas amillərdən biri sudan energetika məqsədləri üçün istifadənin suvarma və kommunal məqsədlər üçün istifadəyə uyğunlaşdırılmasıdır: "Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunmuş, hətta Mingəçevir su anbarından sudan istifadə üzrə hər 10 gündən bir yenilənən iş rejimi tətbiq edilib. Belə ki, su ehtiyatlarının azlığı səbəbindən Mingəçevir su anbarı, sadəcə, çoxillik nizamlama qabiliyyətində deyil, hətta hazırda illik tənzimlənmə qabiliyyətini də itirib.

Hazırda ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət təəssüf ki, davam edir. Əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı kəskin aşağı səviyyədə cəmi 10,5 milyard kubmetr su mövcuddur, onun da 8,6 milyard kubmetri ölü həcmdir. Bu baxımdan, qısamüddətli hədəf əsas su anbarlarında suyun həcmini əvvəlki üç illə müqayisədə daha yüksək səviyyəyə çatdırmaq, beləliklə, növbəti suvarma mövsümünə nisbətən daha yaxşı vəziyyətdə daxil olmaq, sonra isə suyun həcmini minimum 2016-cı ilin səviyyəsinə uyğunlaşdırmaqdır”.

Nazir müavinin sözlərinə görə, Nazirlər Kabinetinin sərəncamı ilə su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı tarixdə ilk dəfə təsdiq edilmiş və yeni yaradılan elektron su təsərrüfatı informasiya sisteminə inteqrasiya olunub.

Oxşar xəbərlər
OTACI
OTACI