Sentyabrın 27-dən başlanan Vətən Müharibəsi 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi və müzəffər ordumuzun rəşadəti ilə Böyük Zəfərlə başa çatdı. Erməni işğalında olan torpaqlarımız düşmən tapdağından azad oldu.
Vətən Müharibəsinin zəfərlə başa çatmasında ordumuzla yanaşı, heç şübhəsiz, şəfqətli əlləri olan fədakar həkimlərimzin də xüsusi payı var.
Biz belə fədakar həkimlərimizdən biri olan, cəbhə bölgəsində əsgər və zabitlərimizə tibbi yardım göstərən, Vətən Müharibəsinin zəfərlə başa çatmasında danılmaz xidmətləri olan fədakar həkimlərimizdən biri də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovdur.
Professor bildirib ki, sentyabrın 27-də Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov müharibənin başlaması ilə əlaqədar olaraq cəbhə bölgəsinə təcili həkim briqadasının göndərilməsinin vacibliyini diqqətimə çatdırdı:
“Tez bir zamanda 14 nəfərdən ibarət müxtəlif mütəxəssislərdən ibarət həkim briqadası təşkil olundu. Universitetimizin rektoru, professor Gəray Gəraybəylinin xeyir-duası ilə cəbhə bölgəsinə yollandıq.
İşimizə Füzulidə fəaliyyət göstərən Diaqnostika Mərkəzində başladıq. Mərkəzə bir gündə 150-180 arası kəllə-beyin travması, qarın boşluğu, ətraflar, döş qəfəsinin odlu silah yarası ilə yaralı daxil olurdu. Onların əksəriyyəti qumbaraatan, minomyotla vurulanlar və minaya düşənlər idi”.
F.Camalov qısa müddətdə Diaqnostika Mərkəzində çeşidləmə işlərinin aparılmasından, yaralılara yerindəcə təcili, təxirəsalınmaz və məqsədyönlü yardımın təşkil olunmasından da söhbət açdı:
“Diaqnostika Mərkəzinin girişində çeşidləmə etdik, orada hətta ehtiyac duyulan ağır yaralılar intubasiya olunurdu. Yarası işlənməsi və sarğı tələb edən yaralılar üçün 17 sarğı stolu hazırlandı və əməliyyatxana, UZM təşkil olundu. Yaralılara yüksək səviyyədə lazımi tibbi yardım göstərildi”.
F.Camalov yüngül yaralıların çeşidlənərək, döyüş bölgəsindən arxada təşkil edilən tibbi müəssisədə müalicə olunması təklifini irəli sürdüyünü və onun bu təklifinin razılıqla qarşılandığını da qeyd etdi. Bildirdi ki, onun təşəbbüsü ilə Əhmədbəylidə yüngül yaralıların müalicə olunması üçün tibbi müəssisə yaradıldı:
“Təcili tibbi yardım maşınları kifayət etmədiyindən oturaq yaralılar “Mercedes” markalı avtomobillərlə evakuasiya olundular.
Biz Horadizdə də olduq. Düzdür, orada normal şərait olmasa da, yaralılara tibbi yardım göstərə bildik. Amma çox təəssüf ki, briqadamızda koronavirusa yoluxanlar olduğu üçün cəbhə bölgəsindən yarımçıq geri qayıtmalı olduq. Amma onu da deyim ki, orada olduğumuz 17 gün ərzində briqadamız tərəfindən 1200-dən çox yaralıya yüksək səviyyədə müxtəlif tibbi yardım göstərildi.
Briqadamızın hər bir üzvü - Qənimət Bəylərov, Samir Aslanbəyli, Seymur Abbasov, Elman Tağıyev, Elçin Mirzəyev, Zahid Zahidov, Toğrul Məhərrəmov, Elşən Ağayev, Mehman Əliyev, Natiq Əliyev, Cavid Musazadə, Vidadi Həsənov, Rasim Nəsibovun hər biri ayrı-ayrılıqda fədakarlıq göstərərək, yorulmadan yaralıların xidmətində dayandılar”.
Professor cəbhə bölgəsində müalicə etdiyi yaralılardan bəzilərinin sonralar Tibb Universitetinin Cərrahiyyə Klinikasında yerləşdirilərək, müalicə olunduğunu da bildirib.
Onlara yüksək səviyyədə tibbi xidmət göstərildiyini diqqətimizə çatdıran həkim Fransadan gələn cərrah heyəti ilə klinikada bir neçə rekonstruktiv əməliyyatların edildiyini də vurğulayıb:
“Mən özüm həm də I Qarabağ Müharibəsi veteranı olmuşam. İstər I Qarabağ, istər II Qarabağ müharibəsi zamanı göstərdiyim xidmətlərimlə bir həkim, bir vətəndaş kimi az da olsa, Vətən qarşısında borcumu yerinə yetirə bilmişəmsə, özümü xoşbəxt hiss edirəm.
Qeyd edək ki, professor F.Camalovun fəaliyyəti təkcə Vətən Müharibəsində yaralananlara tibbi yardım göstərməklə məhdudlaşmayıb, o, müxtəlif ölkələrdə zəlzələdən ziyan çəkənlərə də könüllü yardım göstərib.