Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qarabağ qazisindən şəhid analarına: "Oğullarınızın qanı yerdə qalmadı"

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dilqəm Nizami oğlu Həmidli İsmayıllı rayonunun Aşağıbaş kəndindəndir. Azərbaycan Ordusunun 44 günlük zəfərində payı olan 29 yaşlı soydaşımız Füzuli istiqamətində gedən döyüşlərdə kürəyindən və ayağından qəlpə yaraları alıb və bunu döyüşçü yoldaşlarından gizlədib. Sonra yaralı hərbçilərimizi ərazidən uzaqlaşdırmağa çalışarkən yaxınlığına tank mərmisi düşüb. Nəticədə başından və bir neçə yerdən qəlpə yarası alıb.

Press.az Report-a istinadən xəbər verir ki, D.Həmidli uzun müddət Bakıda müalicə aldıqdan sonra doğma yurduna qayıdıb və rayonda böyük izdihamla qarşılanıb.

"Baş nahiyəmdən aldığım qəlpə yarası ciddi olduğundan özümü itirdim. Məni xilas edən döyüş yoldaşlarıma təşəkkür edirəm. Onlar məni döyüş meydanında yaralı şəkildə buraxmayaraq həyatımı xilas etdilər. Şükürlər olsun, bu gün öz əzizlərimin yanındayam. Bütün şəhid ailələrinə səbr diləyirəm. Şəhid valideynləri başınızı dik tutun, oğullarınızın qanı yerdə qalmadı, mənfur düşmənləri məhv edərək torpaqlarımızı işğaldan qurtardıq", - qazi bildirib.

Atası Nizami Həmidli belə bir oğul böyütdüyünə və Azərbaycanın işğalda olan torpaqlarını azad edilməsinə könüllü olaraq qatıldığına görə fəxr duyduğunu vurğulayıb.

"Oğul böyütmüşəm ki, Vətəninə xidmət etsin. Oğlum döyüşə gedərkən mənə belə dedi: "Bu, bir müharibədir və mən şəhid ola bilərəm. Əgər yaralanıb qazi də olaramsa, heç peşman olma. Mənimlə fəxr et ki, oğlum Vətən müharibəsində iştrak edib. Oğlum döyüşə gedərkən mənə üzəri yazılmış bir fincan verdi və bunda çay içmədiyini söylədi", - anası Fənarə Həmidli deyib.

Bacısı Günay Həmidli qardaşının döyüşə gedərkən ona bloknot və bilərzik verdiyini söyləyib: "Mən fəxr edirəm ki, qazi bacısıyam və bütün bacılara qardaşlarının sağ-salamat qayıtmasını arzulayıram".

Qeyd edək ki, bu gün Dilqəm Həmidlinin ad günüdür.

Oxşar xəbərlər
OTACI