Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı Metropoliteni: Maşinist peşəsi üzrə növbəti kursda 10 müdavim iştirak edir

16 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı metropolitenində kadrların seçimində tətbiq edilən daha bir novator yanaşma da özünü tam doğruldub. Hərəkət qatarlarının maşinist peşəsi üzrə cari ilin iyul ayında verilmiş elana uyğun olaraq növbəti seçim prosesi yekunlaşıb. Müdavimlər uyğunlaşma və ilkin təlim dövrünü də başa vuraraq, təlim-tədris prosesinin əsas mərhələlərinə keçiblər.

Press.az xəbər verir ki, ilk belə seçim prosesi 2018-ci ilin yayında dünya təcrübəsi öyrənilməklə tətbiq edilib. Bu peşəyə sahib olmaq istəyənlərin arzularını doğrultdu. İlk iki kursun müdavimləri artıq xətlərimizdə inamla qatarları idarə edir və əməyi ilə seçilirlər. Daha bir kursun müdavimləri praktiki təcrübədədirlər.

Məlumdur ki, Bakı metropolitenində innovativ texnologiyaların tətbiqi baxımından ən son nəsil qatarların sayı artmaqdadır. 2020-cu ildə daha 20 müasir vaqon alınmaqla, belə qatarların sayı 15-ə çatdırılıb. Qarşıdakı iki il ərzində yeni tipli daha 40 vaqon alınaraq, istismar müddətini başa vuracaq, hərəkət tərkiblərini əvəz edəcək. Əlbəttə, tamamilə fərqli təchizatı və idarəetmə prinsiplərinə söykənən yeni tipli qatarların maşinistlərinin hazırlığı da fərqli yanaşma tələb edir.

Seçim turları üç mərhələdə aparılıb. Çoxsaylı müraciətlərə baxılaraq, elanda göstərilən tələblərə uyğun gələn 70 nəfər iddiaçıya seçim turlarına dəvət göndərilib. Namizədlərdən 56 nəfəri məntiq üzrə aparılan birinci seçim turunda iştirak edib və onlardan 48-i müsbət nəticə ilə ikinci mərhələyə vəsiqə qazanıb.

Sonrakı turda geniş mütəxəssis heyətindən ibarət kadr komissiyası iddiaçıların ümumi və texniki biliklərinin səviyyəsinə, dünyagörüşünə, maşinist peşəsi ilə bağlı məlumatlılığına, peşəyə marağın səbəblərinə, ümumi psixoloji durumuna və s. məqamlara xüsusi diqqət edib və 14 nəfər seçimi uğurla başa vurub.

Peşəkar mütəxəssislərin apardığı psixoloji test mərhələsində 11 nəfər əsas seçim standartlarına tam cavab verib. Bütün mərhələlərin ümumi yekununa əsasən, maşinist peşəsi üzrə təlim prosesində 11 nəfər tibbi müayinələrin nəticələri müsbət olduğundan təlim-tədris prosesinə cəlb olunub. Həmin namizədlərdən 1 nəfəri könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanıb. Təlimə 10 nəfər namizəd qoşulub.

Uyğunlaşma və ilkin təlim prosesinin imtahanlarından uğurla keçmiş müdavimlər peşə üzrə hazırlıq prosesinin hər iş günü ərzində müxtəlif nəzəri, praktik təlimlərdə iştirak edir, metropoliten infrastrukturunu öyrənir, qatarların idarə edilməsi, vəzifə və texniki istismar təlimatlarını mənimsəyirlər. Yeri gəlmişkən, vaqon təmirçisi və maşinist peşəsi üçün vacib olan digər əsas təlimlər tədris proqramının mühüm tərkib hissəsidir. Əvvəlcədən müəyyən olunmuş proqrama uyğun olaraq, hər tədris dövrünün yekununda müdavimlər növbəti mərhələyə keçmək üçün imtahan verəcəklər.

Onu da xüsusi vurğulayaq ki, "Bakı Metropoliteni" QSC-nin yenidən qurulmuş təlim-tədris mərkəzində yeni tipli qatarların trenajoru tədrisin keyfiyyətini əsaslı şəkildə artırmağa, həmçinin müdavimlərin bu prosesdə bilavasitə maşinistlərlə ünsiyyətdə olaraq, biliklərini, praktiki vərdişlərini daha sürətlə artırmağa kömək edir.

Oxşar xəbərlər
OTACI