logo
First slide

Şuşalı idmançı qazandığı medalı Azərbaycan Ordusuna həsr etdi

15 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan ağırlıqqaldıranı Murad Əliyev Perunun təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında onlayn Dünya Kubokunda gümüş medal qazanıb.

Press.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 120 kq, təkanla qaldırmada isə 139 kq-lıq nəticə göstərib.

Əliyev toplam 259 kq-la həm birdən qaldırmada, həm də ümumi göstəriciyə əsasən Dünya Kubokunun gümüş medalını qazanıb. 61 kq-da yarışan Elşən Məmmədov 200 kq (90+110) nəticə ilə B qrupunda 9-cu yeri tutub.

Murad Əliyev gümüş medal qazandığı üçün şad olduğunu bildirib: "Əlimdən gələnin maksimumunu etdim. Əminəm ki, gələn yarışlarda çempion da olaraq qızıl medala sahib çıxacağam. Yarışa hazırlıq çətin keçdi. Pandemiya səbəbindən yarışlar, uzunmüddətli hazırlıq üçün təlim-məşq toplanışları olmadığından yalnız məhdud imkanlarla, evimizin həyətində məşq edə bilirdim. Üstəlik, son iki ayda cəbhədə baş verənlər də psixoloji baxımdan hazırlaşmağa, idmana köklənməyə mane olurdu. Ancaq məşqçilərimin əməyi sayəsində lazımi formanı yığa və saxlaya bildim. Bugünlərdə xalqımızın qələbə sevincinə mənim də kiçik qatqım olacağına görə sevincliyəm. Mən də şuşalıyam. 28 il işğal altında olan torpaqlarımızın azad olunması hamımızı sevindirdi. Şuşada Azərbaycan bayrağının dalğalanması məni də duyğulandırdı. Bu uğurumu böyük qələbəmizi təmin edən Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edir, onlara minnətdarlığımı bildirirəm. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun bu qələbəsi heç vaxt unudulmayacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarılarımıza isə şəfa diləyirəm. Qarabağ – Azərbaycandır!”.

Qeyd edək ki, noyabrın 11-də başlayan yarış 7 gün davam edəcək. Turnirdə 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı çıxış edir. Azərbaycan yığmasında Sənan Sahibov (73 kq) və Əli Şükürlü (102 kq) də mübarizə aparacaq.

Dünya Kuboku qeyri-ənənəvi qaydada təşkil edilir. Koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün olmayıb. Bu səbəbdən Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərara alınıb. Turnirdə iştirakı təsdiqlənən idmançıların hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalara uyğun və sıralama ilə yerinə yetirir.

Oxşar xəbərlər
OTACI
OTACI