logo
First slide

"Bütün oyunları səfərdə keçirməyə razıyam, təki torpaqlarımız qayıtsın” - Qurban Qurbanov

27 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun İspaniya "Vilyarreal"ı ilə Türkiyənin istanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək oyunu öncəsi Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

- Qrupun favoriti ilə oyuna yollanırsınız. Komandada ümumi vəziyyət necədir? Qarşıdakı matçdan nə gözləyirsiniz?

- Oyuna hazırlaşmağa elə çox vaxtımız yoxdur. Sadəcə, futbolçularla birlikdə rəqibin matçlarına baxıb analiz etmişik. Sabah və oyun günü səhər məşqimiz olacaq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Bəzi futbolçularımızın oynayıb-oynamamaq məsələsi sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevin ayağında ağrılar var. Dünən məşqi yarımçıq tərk etdi. Bu gün də məşqə çıxmayıb. Mahir Emreli komanda ilə cəmi 2-3 məşq edib. 100 faiz əsas heyətdə olmayacaq. Son durumuna sabahkı məşqdən sonra aydınlıq gələcək. Rəqibin adı, oynadığı çempionat fərqli olsa da, baş məşqçi amili böyük önəm daşıyır. Hamımız bilirik ki, Unai Emeri fərqli mütəxəssisdir. Tələbkar baş məşqçidir. Komandasının sürətli futbol oynamasını istəyir. Yaxşı rəqibdir. Düzgün oyun qurmağa, mübarizə aparmağa və özümüzü evdəki kimi hiss etməyə çalışacağıq.

- Emeri İngiltərə "Arsenal"ını çalışdırarkən onunla üz-üzə gəlmişdiniz. Bu komandalar arasında oyun üslubu baxımından oxşarlıq varmı?

- "Arsenal"da fərqli futbola üstünlük verirdi. 5 müdafiəçi ilə oynayırdı. İndi isə "Valensiya"dakı vaxtlarını xatırladır. "Vilyarreal"ın heyətində həddindən artıq sürətli futbolçular var. Öz oyununa görə La Liqada liderlər sırasındadır. Deyəsən, son matçdakı heç-heçədən sonra ilk pilləni əldən verdilər. Emeri öz ölkəsində daha inamlı futbola üstünlük verir.

- Düzdür, Türkiyə qardaş ölkədir. Amma "Qarabağ" bu mövsüm qrup mərhələsinin bütün oyunlarını səfərdə keçirəcək. Bu, nəticəyə təsir edəcəkmi?

- Düzdür, belə bir fikir var. Ardıcıl səfərdə oynamaq olar. Amma bu zaman görüşlər arasında 12-14 gün fasilə olur. Bu müddətdə futbolçular daha yaxşı adaptasiya olurlar, öz formalarını tez bərpa edirlər. Amma futbolçularımız indi nə çempionat, nə də avrokubok oyunlarına adaptasiya dönəmini keçə bilir. Az məşq edə bilərsən. Amma iki gün burada iki gün havada, iki gün get-gəl... Tez-tez iqlimi dəyişmək orqanizm üçün problemdir. Hər bir halda öz evimizdə oynayacağıq. Özümüzü evdəki kimi hiss edəcəyik. Türkiyədə oynamaq bizim üçün əlavə motivasiyadır.

- Müharibəyə görə oyunu səfərdə keçirmək komandaya psixoloji baxımdan necə təsir edir?

- Təbii ki, bizim üçün çətindir. Amma bütün oyunları səfərdə keçirməyə razıyam, təki, torpaqlarımız qayıtsın. Ümid edirəm ki, yaxın vaxtla öz evimizdə oynayarıq. Bakıda yox, Qarabağda oyun keçirərik. Bunun üçün hər şeydən keçməyə hazırıq.

- Sabah "Başakşehir" öz meydanında Çempionlar Liqası oyununa çıxacaq. Məşq proqramınız necə olacaq?

- "Başakşehir" rəhbərliyi bizi çox isti qarşıladı. Hər iki məşqimiz klubun bazasında olacaq. Əsas stadiona sadəcə, matç üçün gedəcəyik.

- Bədavi Hüseynovla Maksim Medvedvin problemləri var. Rahil Məmmədov müdafiənin mərkəzində oynamağa nə dərəcədə hazırdır?

- Əgər ikisi də oynamasa, başqa variantımız olmayacaq. Rahil “Zirə” ilə görüşdə heç də pis təsir bağışlamadı. Düşünürəm ki, belə görüşlərdə daha ciddi və məsuliyyətli olacaq. Rahil peşəkar insandır, inanıram ki, özünü doğruldacaq.

Report

Oxşar xəbərlər
OTACI
OTACI