Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanın muzdlulardan istifadəsi ilə bağlı mötəbər sübutlar əldə edilib

09 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı müxtəlif cinayətlər törətməsi və həmin cinayətlərdə xarici ölkələrdən gətirilmiş muzdluların iştirak etməsinə dair Azərbaycan Baş Prokurorluğu tərəfindən mötəbər sübutlar əldə edilib.

Press.az-ın verdiyi xəbərə görə, baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən həmkarlarına həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib.

Bəyanatın mətnini təqdim edirik:   

Məlum olduğu kimi sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn müvafiq öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, hətta döyüş bölgələrindən kənarda yerləşən Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutmağa davam edir. Bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olmuş, 164 mülki vətəndaş ağır yaralanmış, ümumilikdə 1054 yaşayış evi, 142 mülki obyekt, 45 çoxmənzilli bina dağıdılmışdır. Azərbaycan Respublikasının silahlı qüvvələri tərəfindən erməni təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquqa tam riayət etməklə səmərəli əks-hücum və adekvat cavab tədbirləri həyata keçirilməkdədir.

Azərbaycan Ordusunun təsirli cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri əhəmiyyətli sayda canlı qüvvə itkisi ilə üzləşdiyinə görə ölkənin hərbi-siyasi rəhbərliyinin çağırışı əsasında xarici ölkələrdə yaşayan erməni diasporası tərəfindən muzdluların Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı döyüşmək məqsədilə Dağlıq Qarabağa göndərilməsi təşkil olunur. Bu hərəkətlər beynəlxalq hüquq normalarına zidd olmaqla, eyni zamanda Azərbaycanın və xarici dövlətlərin qanunvericiliyə əsasən cinayət hesab olunur və beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaradan təhlükəli amildir. 

Bildirirəm ki, artıq 2 faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hazırda istintaq əməliyyat tədbirləri davam etdirilməklə həmin şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilmişdir.

Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərinin tətbiqi davam etdirilir. 

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu adından bir daha bəyan və xəbərdar edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi, silahlı qüvvələrinin, xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının, habelə qondarma rejimin çağırışları əsasında Dağlıq Qarabağa gəlib döyüşlərdə iştirak edən muzdlulara, həmçinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bu cür qanunsuz əməllərin qarşısının alınması məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanlarını təsirli, preventiv və təxirəsalınmaz tədbirlərin görülməsinə qətiyyətlə çağırıram.

Oxşar xəbərlər
OTACI